
Bakı. Trend:
ABŞ-nin nüfuzlu “The Wall Street Journal” nəşrində ABŞ
və Avropa siyasi münasibətlərində soyuq yellərin əsməsindən bəhs
edən və bir sıra pərdəarxası məqamları üzə çıxaran məqalə dərc
olunub. “Artıq geri dönüş yoxdur : Avropanın ABŞ ilə ayrılığının
pərdəarxası” adlı məqaləyə əsasən, ABŞ Prezidenti Donald Trampın
tarif siyasəti və Qrenlandiya ilə bağlı hədələri Avropa liderlərini
Vaşinqtona qarşı çıxmağa vadar edib.
Həmin məqaləni təqdim edirik:
Brüsseldə gecə 12-ə az qalırdı. Avropa liderləri artıq beş saat
idi ki, yalnız bir mövzuya həsr olunmuş fövqəladə iclasda iştirak
edirdilər: Amerika ilə yolların ayrılması prosesini necə idarə
etsinlər.
Yeni ilin başlamasından cəmi üç həftə keçmişdi. Prezident Tramp
Venesuelanın avtoritar liderini hakimiyyətdən uzaqlaşdırdıqdan
sonra qısa müddət ərzində Danimarkadan Qrenlandiyanı ələ keçirməklə
hədələmişdi. Avropa Şurasının “Kosmik Yumurta” (The Space Egg) kimi
tanınan qərargahında dairəvi masa arxasında toplaşan hökumət
başçıları ABŞ-nin 47-ci prezidenti barədə o qədər emosional
danışırdılar ki, iclasda iştirak edən 30-a yaxın liderdən bəziləri
sonradan həmin görüşü “terapiya gecəsi” adlandıracaqdılar. İclasda
nə kameralar, nə də səs yazısı var idi. Prezidentlərə və baş
nazirlərə açıq danışa bilmələri üçün tək gəlmək, mobil
telefonlarını isə kənarda qoymaq tapşırılmışdı.
“Biz burada bir xətt çəkirik”, – Fransa Prezidenti Emmanuel
Makron iclasda iştirak edən bir neçə liderin və onların
yüksəkvəzifəli köməkçilərinin sözlərinə görə, çıxışına belə
başladı.
Bir il ərzində ABŞ-nin ən yaxın müttəfiqləri qarşılıqlı müdafiə
və ticarət məsələlərində güzəştlər edərək, eyni zamanda Trampa
təriflər yağdırmaqla vaxt qazanmağa çalışmışdılar. İndi isə
Fransanın hərbçiləri ABŞ ilə silahlı qarşıdurmaya hazırlaşdırılmış
Danimarkanın xüsusi təyinatlı qüvvələri ilə birlikdə Qrenlandiyada
yerləşdirilmişdi. Fransa prezidenti illərdir israr etdiyi mövqeni
daha zəruri tonda səsləndirdi: Avropanın ABŞ-dən həddindən artıq
asılılığı təhlükəsizlik riski yaradır.
“Artıq geri dönüş yoxdur”, – deyə o bildirdi.
Bir sıra Avropa liderləri administrasiyanı ABŞ-nin dünyadakı
ənənəvi rolunu qorumaqdansa, daha çox mədənçilik və enerji
sazişləri ilə maraqlanmaqda ittiham etdilər. Belçikanın baş naziri
narazılıqla bildirdi ki, Avropa ABŞ-nin “acınacaqlı quluna”
çevrilmək təhlükəsi ilə üz-üzədir. İtaliyanın mühafizəkar baş
naziri Corcia Meloni isə fərqli mövqe sərgilədi. İclas
iştirakçılarının sözlərinə görə, o, zalda toplaşmış daha liberal
düşüncəli liderlərə dedi ki, onlar Prezident Trampı bəyənməsələr
də, onunla yenə də məntiqli şəkildə danışmaq mümkündür.
Meloninin sol tərəfində Danimarkanın baş naziri Mette
Frederiksen əyləşmişdi və özünü ələ almağa çalışırdı. Tramp ilə bir
həftə davam edən gərgin qarşıdurmadan sonra Frederiksen o qədər
sarsılmış görünürdü ki, Almaniya kansleri Fridrix Merts onun
vəziyyəti ilə maraqlanaraq “Yaxşısan?”deyə soruşdu.
Saatlar keçirdi. Hamı eyni anda danışırdı. Müzakirənin
nəticələri o qədər taleyüklü idi ki, söhbət qeyri-real təsir
bağışlayırdı: 250 illiyini qeyd edən ABŞ – uzun illər Avropanın
qoruyucusu olmuş ölkə – artıq onun üçün təhlükəyə
çevrilmişdimi?
İclas iştirakçılarından bir neçəsi zalda olmayan bir şəxsin
adını çəkdi. Kanadanın yeni baş naziri Mark Karni Londonda işlədiyi
dövrdən qalmış Böyük Britaniya telefon nömrəsindən istifadə edərək
Avropanın aparıcı liderlərinə mütəmadi mesajlar göndərir və onları “köhnə Amerikanın artıq geri qayıtmayacağına” inandırmağa
çalışırdı. Davosda keçirilən illik forumda etdiyi sərt çıxışdan
sonra isə onun arqumentləri daha çox dəstək qazanmağa
başlamışdı.
“Kanada artıq bizim etməli olduqlarımızı açıq şəkildə dilə
gətirir”, – İspaniyanın Baş naziri bildirdi.
Sonrakı aylarda yanvar böhran iclası Avropanın ən nüfuzlu siyasi
xadimlərinin yaddaşında İkinci Dünya müharibəsindən sonra ortaq
taleyə və qan bağına əsaslanan tərəfdaşlıq qurmuş ölkələrin ilk
dəfə fərqli yollar axtarmağa başladığı dönüş nöqtəsi kimi
qalacaqdı.
Hələ heç kim rəsmi şəkildə “boşanma ərizəsi” verməyib və hər iki
tərəfdə mühüm fiqurlar sevgisiz bir evliliyi davam etdirmək üçün
ciddi səylər göstərirlər. Avropa ilə ABŞ arasındakı əlaqələri
tamamilə ayırmaq son dərəcə mürəkkəb proses olardı. Avropanı daha
şıltaq ABŞ-dən asılılığı azaltmağa çağıran Kanada isə paradoksal
olaraq, dünyada Birləşmiş Ştatlardan ən çox asılı olan ölkələrdən
biridir.
Hərbi baxımdan müttəfiqlərin tamamilə ayrı yollarla getməsini
təsəvvür etmək çətindir. Bu həftə keçiriləcək Şimali Atlantika
Müqaviləsi Təşkilatının (NATO) sammiti qarşılıqlı etimadsızlığın
artdığı bir vaxtda liderlərin Qərbin hərbi gücünün simvollarından
birini qoruyub saxlamaq iradəsini sınağa çəkəcək.
Ağ Evdən bildirilib ki, Tramp Türkiyədə keçiriləcək zirvə
toplantısında “bir çox dünya lideri ilə konstruktiv və açıq
söhbətlər aparmağı” səbirsizliklə gözləyir.
“Prezident Tramp ABŞ-nin dünya səhnəsindəki nüfuzunu effektiv
şəkildə bərpa edib və NATO üçün indiyədək hamıdan çox iş görüb”, –
Ağ Evin sözçüsü Anna Kelli bildirib. “O, həmçinin hesab edir ki,
NATO-nun bəzi üzvləri öhdəliklərini yerinə yetirmək üçün daha çox
iş görməlidirlər.”
Bununla belə, Avropa demokratiyalarının ən yüksək siyasi
dairələrində hazırda aparılan və bu məqalədə ilk dəfə ətraflı
təsvir olunan səmimi qapalı müzakirələr qarşıda olduqca təhlükəli
yolun olduğunu göstərir.
ABŞ-nin müttəfiqləri misli görülməmiş “Amerikasızlaşma”
eksperimentini sürətləndirməyə başlayıblar. Fransadan Niderlanda
qədər dövlət qurumları səssiz şəkildə Amerika texnologiyalarını öz
sistemlərindən çıxarır, Avropanın açıq mənbəli proqram təminatına
keçir və dövlət qulluqçularına artıq “Microsoft Teams” və
“Microsoft Office”dən istifadə etməməyi tövsiyə edirlər. Gec də
olsa, onlar ABŞ texnologiya nəhənglərindən asılılığı azaltmaq
məqsədilə Avropanın özəl kosmik şirkətlərini, süni intellekt
müəssisələrini və məlumat emalı mərkəzlərini inkişaf etdirmək üçün
yüz milyardlarla dollar vəsait ayırırlar.
Avropalılar ABŞ ilə münasibətlər daha da gərginləşəcəyi təqdirdə
məlumatlarını harada saxlayacaqları, ödəniş sistemlərini necə
işlədəcəkləri, həmçinin ABŞ istehsalı olan silahların Vaşinqtonun
icazəsi olmadan nə dərəcədə effektiv fəaliyyət göstərə biləcəyi ilə
bağlı araşdırmalar aparırlar. Vaxtilə dünyanın böyük hissəsinə
hökmranlıq etmiş dövlətlər indi ABŞ-ni qəzəbləndirmədən onun
texnologiyası və hərbi gücündən alçaldıcı asılılıqdan xilas olmağın
yollarını axtarırlar.
ABŞ-nin son addımları isə avropalıların qətiyyətini daha da
möhkəmləndirib. Mart ayında Avropa Şurası liderləri yenidən “Kosmik
Yumurta”da toplandıqda, Trampın İrana endirdiyi hava zərbələri
bütün qitədə yanacaq qiymətlərini artırmışdı və kansler Merts
qəzəbli idi. İclas iştirakçılarının sözlərinə görə, o bildirmişdi
ki, Yaxın Şərqdə başlayan yeni müharibənin yeganə qalibi Rusiya
olacaq. Bəzi iştirakçılar hətta istehzalı şəkildə Cey. Di. Vensin
prezidentliyinin daha üstün seçim olub-olmayacağını müzakirə etməyə
başladılar. Hətta İtaliyanın Baş naziri də ABŞ Prezidentinə
münasibətini yenidən nəzərdən keçirdiyini etiraf etdi.
“Tramp məntiqli davranmır”, – Meloni təəssüflə dedi.
Bu tarixi dönüşü anlamaq üçün “The Wall Street Journal” hökumət
başçıları, nazirlər və onların yüksəkvəzifəli köməkçiləri ilə
söhbətlər apararaq alyansın parçalanmağa başladığı qapalı görüşləri
yenidən canlandırıb. Qəzet həmçinin bəzi iştirakçıların apardığı
ətraflı qeydlərlə yanaşı, Avropa kəşfiyyat xidmətlərinin yeni
Vaşinqton administrasiyası ilə işləməyə çalışan liderlərə təqdim
etdiyi məxfi qiymətləndirmələrlə də tanış olub.
Cənubi Avropadan olan qiymətləndirmələrdən birində deyilir:
“Siz institusional qaydalar əsasında fəaliyyət göstərən
administrasiya ilə deyil, emosional və gözlənilməz davranan tək bir
insanla işləyirsiniz.”
Vaşinqtondakı qorxu mühitindən təsirlənən Böyük Britaniyanın MI6
xarici kəşfiyyat xidməti Baş nazir Kir Starmerə daha obrazlı
xəbərdarlıq edib. Xidmətin qiymətləndirməsində bildirilirdi ki,
Trampın ikinci Ağ Evi “Salem cadugərlərinin məhkəmələrini təsvir
edən “The Crucible” ilə VIII Henrinin sarayından bəhs edən “Wolf
Hall” əsərlərinin qarışığını xatırladır”. Britaniya kəşfiyyatı
əməkdaşlarına Mərkəzi Kəşfiyyat İdarəsindəki (CIA) həmkarları ilə
söhbətlərdə prezident mövzusunu qaldırmamaq barədə göstəriş
verib.
Araşdırma göstərir ki, yeni Vaşinqton administrasiyasına necə
yanaşmaq məsələsində müttəfiqlərin ortaq mövqeyinin formalaşmasında
Kanada mühüm rol oynayıb. Trampın ölkənin şimal qonşusunu ABŞ-ın
51-ci ştatına çevirməklə bağlı hədələri gözlənilməz nəticələr
doğuran və hələ də təsirini göstərən prosesə təkan verdi. Bu
hadisələr 2008–2009-cu illərin qlobal maliyyə böhranından sonrakı
dövrdə Qərbin getdikcə daha qeyri-proqnozlaşdırılan tək bir ölkədən
həddindən artıq asılı olması barədə nəzəriyyə formalaşdıran keçmiş
mərkəzi bank rəhbəri Mark Karninin hakimiyyətə gəlməsi ilə
nəticələndi. Baş nazir olduqdan sonra isə o, öz nəzəriyyəsini
praktikada həyata keçirməyə başladı.
İlk vaxtlar cəmi bir neçə müttəfiqin, xüsusilə də Fransanın
dəstəyinə malik olan Karni digər liderləri inandırmağa çalışırdı
ki, onların üzləşdiyi struktur asılılığı Trampı razı salmaqla
aradan qaldırmaq mümkün deyil. Onun yanaşması digər nüfuzlu fiqurun
– NATO-nun baş katibi Mark Ruttenin mövqeyindən fərqlənirdi.
Təcrübəli siyasətçi olan Rutte ABŞ-ın rəhbərlik etdiyi alyansı
qoruyub saxlamaq üçün, qismən də olsa, onun mərkəzində duran lideri
tərifləmək taktikasından istifadə edirdi. Avropa mətbuatı bu
yanaşmanı “yaltaqlıq diplomatiyası” adlandırmışdı.
Arada qalan onlarla müttəfiq üçün vəziyyət son dərəcə həssas
idi. Onlar hələ də cavabsız qalan mühüm suallar qarşısında idilər:
Trampın Avropaya qarşı mənfi münasibəti yalnız onun şəxsi mövqeyi
olaraq qalacaq, yoxsa ABŞ-ın yeni norması olacaq? Onlar Vaşinqtonu
inandırmaq üçün daha çox Amerika texnologiyası və silahı almalı,
bununla da alyansın ABŞ iqtisadiyyası üçün faydalı olduğunu
göstərməlidirlər? Yoxsa öz imkanlarını inkişaf etdirərək “Qərb”
adlanan birliyin bir gün dağılmasına hazırlaşmalıdırlar?
“Trampın dilini bilən adam”
Bu hadisələrdən bir il əvvəl – 2025-ci ilin fevralında – Rutte
Brüsselin XVI əsrə aid Eqmont sarayında yerləşən, çilçıraqlarla
işıqlandırılan uzun ziyafət masası arxasında əyləşmiş narahat
Avropa liderlərinə yeni prezident kimi vəzifəsinin icrasına
başlamış Donald Trampla necə davranmaq lazım olduğunu emosional
jestlərlə izah edirdi.
ABŞ Prezidentinin ikinci səlahiyyət müddətinin başlamasından
cəmi bir neçə gün sonra Tramp Avropaya qarşı gömrük rüsumları
tətbiq etməklə hədələyirdi. Oğlu Donald Tramp-kiçik isə “MAGA”
papaqları verilmiş yerli sakinlərlə şəkil çəkdirmək üçün
Qrenlandiyaya getmişdi. Danimarkanın baş naziri Mette Frederiksen
və Böyük Britaniyanın baş naziri Kir Starmer də Brüsseldə idilər
ki, Avropa İttifaqı, Böyük Britaniya, Danimarka və NATO liderləri
vahid strategiya barədə razılığa gələ bilsinlər. Görüş tam məxfi
keçirilirdi və rəsmi qeydə alınmırdı. Casusluq riskindən yayınmaq
üçün tədbirin keçiriləcəyi məkan son anda dəyişdirilmişdi.
Hündürboylu və televiziya ekranları üçün cəlbedici görünüşə
malik olan Rutte 2020-ci il seçkilərindəki məğlubiyyətindən sonra
da Tramp ilə dostluq münasibətlərini qoruyub saxladığı və “Trampın
dilini bilən adam” kimi tanındığı üçün qismən NATO-ya rəhbər
seçilmişdi. Nahar zamanı o, sonradan əsas strategiyasına çevriləcək
qısa təklif irəli sürdü:
“Trampa bir qələbə qazandırın.”
İclasda iştirak edən bir neçə liderin sözlərinə görə, Rutte
bildirib:
“Biz müdafiəyə ÜDM-in 3,5 faizi həcmində vəsait
ayırmalıyıq.”
Bu göstərici ABŞ-nin müdafiə xərclərinə yaxın idi və NATO-nun
yeni nail olduğu ÜDM-in 2 faizi hədəfindən xeyli yüksək idi. Tramp
isə həftələrlə bu rəqəmin 5 faizə qaldırılmasını tələb edirdi.
Avropa rəsmiləri bunu Trampın növbəti şişirdilmiş bəyanatı hesab
etsələr də, Ruttenin təklif etdiyi 3,5 faizlik orta variant
NATO-nun Rusiya ilə mümkün müharibə ssenarilərini araşdıran hərbi
planlaşdırıcılarının hesablamalarına əsaslanırdı.
Avropa diplomatiyasına xas üslubda liderlər növbə ilə həm bu
təklifi dəstəklədiklərini bildirir, həm də konkret öhdəlik
götürməkdən yayınırdılar. Almaniya məqsədi başa düşdüyünü desə də,
müzakirələrin nə qədər vəsait xərclənəcəyinə deyil, hansı
silahların alınacağına yönəlməsinin daha məqsədəuyğun olacağını
bildirdi. İtaliyanın baş naziri Corcia Meloni müdafiə xərclərini
artırmaq istədiyini söylədi, lakin ictimai rəyin buna ciddi
müqavimət göstərdiyini, üstəlik, Avropa İttifaqının büdcə
qaydalarının buna imkan vermədiyini vurğuladı. Rumıniya Prezidenti
də bu yanaşmanı dəstəklədiyini bildirsə də, sual etdi: “Bu, qitədə
silahlanma yarışına səbəb olmazmı?”
50 yaşlarının sonlarında olan Rutte bütün həyatı boyu ABŞ-nin
qlobal gücünün əvəzolunmaz roluna inanmışdı. Niderlandın keçmiş
Şərqi Hindistan müstəmləkəsində hərbi əsir düşmüş atası, ehtimal
ki, ABŞ qüvvələri Sakit okean bölgəsində hücuma keçməsəydi,
Yaponiyanın əsirliyində həyatını itirəcəkdi. Niderland tarixində ən
uzun müddət baş nazir postunu tutmuş siyasətçi olan Rutte gənclik
illərində ABŞ-nin keçmiş prezidenti Ronald Reyqanın pərəstişkarı
idi və hesab edirdi ki, Amerikanın hərbi qüdrəti və onun nüvə
çətiri parçalanmalarla üzləşən Avropa qitəsində sülhün əsas
təminatı olaraq qalacaq. O, demək olar ki, heç vaxt məzuniyyətə
çıxmır, işdən gec saatlarda velosipedlə evə qayıdır və pianoda ifa
edir.
Rutte bildirirdi ki, Vaşinqtonun dəstəyi olmadan çoxu yüksək
borc yükü altında olan onlarla Avropa ölkəsindəki müxtəlif
koalisiya hökumətləri, xüsusilə Rusiyanın Ukraynaya müdaxiləsindən
sonra müharibə onların qapısına gəlib çatdığı bir vaxtda, təkcə
müdafiəyə ümumi daxili məhsullarının (ÜDM) 10 faizindən çoxunu
xərcləməli olacaqlar. Üstəlik, ABŞ-nin nüvə potensialını əvəz edə
biləcək arsenalın yaradılmasının siyasi çətinliklərini də nəzərə
almaq lazım idi. NATO-ya üzv dövlətlər tərəfindən yekdilliklə baş
katib seçilən Rutte hesab edirdi ki, Qərbin mərkəzi olaraq ABŞ-ni
qoruyub saxlamaqdan başqa alternativ yoxdur. ABŞ-nin aparıcı rol
oynamadığı yeni Qərb ideyasına isti yanaşan liderlərə isə onun
cavabı qısa idi:
“Xəyallar qurmağa davam edin”.
O, zarafatla deyirdi: “Böyük vizyonları olan insanlar həkimə
müraciət etməlidirlər”.
Karyerasının zirvəsində olan Rutte yaxın çevrəsinə deyirdi ki,
onun əsas missiyası Trampı və ABŞ-ni alyansa sadiq saxlamaqla
NATO-nu qorumaqdır. Trampla qapalı görüşlərdə daha sərbəst danışmaq
imkanı qazanmaq üçün isə o, ABŞ Prezidentini açıq şəkildə
dəstəkləyən və tərifləyən açıqlamalar verməyə başladı.
Az sonra digər Avropa liderləri də onun yolunu tutdular.
Finlandiya prezidenti və Norveçin Baş naziri Trampa göndərəcəkləri
mesajların mətnini birlikdə hazırlayır, hansı sözlərin böyük
hərflərlə yazılmalı olduğunu müzakirə edirdilər. Bəzən Norveçin baş
naziri mesajı finlandiyalı həmkarının göndərməsinə üstünlük
verirdi. Şimali Avropa rəsmiləri narahat idilər ki, Nobel Sülh
Mükafatının vətəni olan Norveçin adının çəkilməsi Trampın köhnə
narazılıqlarını yenidən alovlandıra bilər.
Avropalılar çox vaxt Trampın istifadə etdiyi ifadələri ona qarşı
işlədirdilər. Məsələn, Prezident Vladimir Putinin Ukraynada
atəşkəsə qarşı mövqeyini dəstəklədikdən sonra onlar faktiki olaraq
atəşkəsdən ibarət olan sülh planlarını “qırğınların dayandırılması”
kimi təqdim etməyə başladılar. Tramp Avropa Komissiyasının
prezidenti Ursula fon der Lyayeni Rusiyaya qarşı sanksiyaları
müdafiə etdiyinə görə tənqid etdikdən sonra isə o, iqtisadi təzyiq
tədbirlərini “tariflər” adlandırmağa başladı.
Ardıcıl şəkildə bir çox lider Ağ Evə səfər edir, əvvəlcədən
razılaşdırılmış danışıq məqamlarından istifadə etməklə Trampa təsir
göstərməyə və açıq fikir ayrılıqlarından yayınmağa çalışırdı.
Trampın ikinci prezidentlik müddətinin ilk həftələrində Emmanuel
Makron NATO və Ukrayna məsələlərini müzakirə etmək üçün Vaşinqtona
getdi. Onlar saatlarla söhbət etdilər və ABŞ prezidenti Makronun
fikirlərinə açıq görünürdü. Daha sonra planşet vasitəsilə Kanadanın
o vaxtkı baş naziri Castin Trüdonun iştirakı ilə videokonfransa
qoşuldular. Lakin Trüdo danışarkən texniki problem səbəbindən
söhbətə qoşula bilməyən Tramp əsəbiləşərək planşeti “Resolute”
masasının üzərindən yerə atdı. Bu barədə görüşdə iştirak edən
rəsmilərdən biri məlumat verib.
Almaniya kansleri Fridrix Merts Ağ Evə səfəri zamanı Trampı “tamamilə normal” vəziyyətdə görməsinə təəccüblənmişdi. Görüşdə
iştirak edən rəsmilərdən birinin sözlərinə görə, Tramp diqqətlə
dinləyir, suallar verir, yeni məlumatlara açıq yanaşır və bəzi
məsələlər üzrə kifayət qədər məlumatlı görünürdü. Bununla yanaşı,
Ukraynadakı hərbi vəziyyət də daxil olmaqla, bəzi mühüm mövzularda
onun məlumatsızlığı da təəccüb doğururdu.
Söhbət zamanı Tramp Mertsə göstərmək istədiyi bir şey olduğunu
dedi və onu Oval kabinetin yaxınlığındakı kiçik otağa apardı.
“Bura Levinski otağıdır”, – deyə Tramp bildirdi.
O, otağı qırmızı MAGA papaqları və Florsheim markalı klassik
ayaqqabı qutuları da daxil olmaqla müxtəlif kampaniya atributları
ilə doldurmuşdu.
“İstədiyinizi götürün”, – Tramp mehribanlıqla alman qonaqlarına
dedi və əlavə etdi ki, onların həyat yoldaşları bu əşyaları “minlərlə dollara sata bilərlər”.
Ruttenin tərif dolu siyasəti Trampın NATO-ya marağını qoruyub
saxlayırdı. Lakin aprel ayında ABŞ-nin NATO-dakı yeni səfiri Metyu
Uitaker Brüsseldəki qərargaha Vaşinqtondan yeni mesaj gətirdi:
ÜDM-in 3,5 faizi artıq kifayət etməyəcəkdi. Yeni hədəf 2035-ci ilə
qədər müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaq idi və bu
öhdəlik iyunda keçiriləcək NATO sammitində qəbul edilməli idi.
Rusiya ilə sərhəddə yerləşən NATO ölkələri bu tələbin məntiqini
başa düşsələr də, digər müttəfiqlər bunu təəccüblə
qarşıladılar.
Maliyyə yükünü azaltmaq üçün Uitaker yeni plan təklif etdi.
Plana əsasən, müdafiə xərclərinə ayrılan 3,5 faizə əlavə olaraq
ÜDM-in daha 1,5 faizi hava limanlarının uçuş-enmə zolaqları,
meteoroloji xidmətlər və kibertəhlükəsizlik kimi “təhlükəsizliklə
bağlı investisiyalar” üçün nəzərə alına bilərdi. Bu sahələrə
dövlətlər onsuz da vəsait ayırırdılar.
Rutte bu ideyanı dərhal dəstəklədi və tərəddüd edən ölkələri
sakitləşdirməyə çalışdı. O bildirdi ki, müəyyən körpü və tunellər
də Rusiya ilə mümkün müharibə zamanı strateji əhəmiyyət daşıdığı
üçün həmin kateqoriyaya daxil edilə bilər. Qapalı görüşlərdə o,
avropalı həmkarlarına izah edirdi ki, əsas məsələ Trampın ehtiyac
duyduğu “5 faiz” rəqəmini əldə etməkdir. Praktikada isə hamı
anlayırdı ki, maliyyə imkanları məhdud olan hökumətləri on il sonra
bu hədəfə çatmağa məcbur edən olmayacaq.
2025-ci ildə Haaqada keçiriləcək NATO sammiti yaxınlaşdıqca
etiraz edən ölkələr hələ də qalırdı. Belçika və Slovakiya yalnız
Rutte Ukraynaya göstərilən yardımın da müdafiə xərcləri kimi
hesablanacağını bildirdikdən sonra razılıq verdilər. Kanadanın yeni
seçilmiş baş naziri Mark Karni də yeni hədəfi dəstəklədi və
həmkarlarına dedi ki, bu məsələdə Tramp haqlıdır.
Yeganə güzəştə getməyən ölkə İspaniya oldu. Baş nazir Pedro
Sançes israr edirdi ki, 5 faiz tamamilə əsassız və təsadüfi müəyyən
edilmiş göstəricidir.
54 saat ərzində NATO rəsmiləri ispan həmkarları ilə fasiləsiz
yazışmalar apardılar. Madrid faktiki olaraq əksər müttəfiqlərin
özlərinin də yerinə yetirməyəcəyi hədəfə qoşulmaqdan imtina
edirdi.
Nəticədə tərəflər fikir ayrılığını qəbul etdilər. Rutte Sançesin
sonradan ictimaiyyətə açıqladığı məktubda yazdı ki, İspaniya
hədəflərə çatmaq üçün “öz suveren yolunu” seçə bilər və onun
nəticələri 2029-cu ildə qiymətləndiriləcək.
İyunun 24-də Tramp Ruttenin doğma şəhəri Haaqaya gəldi. NATO-nun
baş katibi burada ona xarici siyasətdə böyük qələbə qazandırdı.
“NATO artıq ABŞ üçün yük deyil”, – Tramp bəyan etdi.
Bundan sonra Qərbin ən nüfuzlu liderləri qapalı iclasda növbə
ilə Trampı tərifləyərək onun tərk etməklə hədələdiyi alyansı
gücləndirdiyini bildirdilər. Lakin Mark Karni daha ehtiyatlı
davranırdı. Onun köməkçiləri hesab edirdilər ki, Tramp bu
təriflərin səmimi olmadığını anlayacaq və buna görə də onları daha
az qiymətləndirəcək.
Bəzi liderlər gərginliyi yumşaltmağa çalışırdılar. Sloveniyanın
baş naziri müdafiə xərclərini artırmağa məcbur etdiyi üçün Trampa
təşəkkür etdi və zarafatla dedi ki, slovenlərin nə qədər inadkar
ola biləcəyini ən yaxşı Melaniya Trampın həyat yoldaşı bilir. Tramp
bu zarafata gülümsədi.
Bolqarıstanın baş naziri isə bütün bu nümayişkaranə təriflərin
nə qədər süni göründüyünü hiss etməyə bilmədi.
“Zalda gülüş səsləri eşidilirdi, lakin bu gülüşlərin arxasında
dərin narahatlıq gizlənirdi,” – o dövrdə Bolqarıstanın Baş naziri
olmuş Rosen Jelyazkov bildirib.
“Avropa liderləri hələ də Donald Trampı diplomatik yaltaqlıq və
şəxsi cazibə vasitəsilə idarə edə biləcəklərinə inanırdılar”.
“Azalan effektivlik”
Bir neçə həftə sonra Tramp ilə Putinin avqustun ortalarında
Alyaskada keçirdiyi sammit Avropada yenidən həyəcan təbili çaldı.
Tramp görüşdən Ukraynanın müharibədə qalib gəlmək şansına şübhə ilə
yanaşan və münaqişəni Avropanın deyil, daha çox Moskvanın
maraqlarına uyğun şərtlərlə başa çatdırmağı nəzərdə tutan Rusiya
planına maraq göstərən bir lider kimi ayrıldı.
Avropa ölkələrindən birinin hazırladığı və yalnız məhdud dairə
üçün nəzərdə tutulmuş məxfi kəşfiyyat hesabatında Tramp
administrasiyasının Kreml ilə həyata keçirməyə çalışdığı kommersiya
və iqtisadi layihələr barədə məlumat yer alırdı. Bu planlara
Arktikada nadir torpaq elementlərinin birgə hasilatı da daxil
idi.
Fransa Prezidenti Emmanuel Makron şifrələnmiş qrup yazışmasında
digər Avropa liderlərinə müraciət edərək təklif etdi ki, onlar
Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstək vermək məqsədilə
birlikdə təcili şəkildə Vaşinqtona gedərək Tramp ilə
görüşsünlər.
Altı Avropa prezidenti və baş naziri, həmçinin NATO-nun baş
katibi Mark Rutte və Avropa Komissiyasının prezidenti Ursula fon
der Lyayen simli kvartetin müşayiəti altında Ağ Evə daxil oldular
və televiziya kameralarının qarşısında Trampın danışıqlar aparmaq
bacarığını təriflədilər.
“Çox sağ olun, Mark”, – Tramp Rutteyə müraciətlə dedi. “Siz
böyük lidersiniz. Möhtəşəm iş görürsünüz.”
Bunu izləyən Makronun isə narahat göründüyü bildirilir.
Trampın ilk prezidentlik dövrünün başlanğıcından etibarən
vəzifədə olan Makron üçün Ağ Ev artıq əvvəlki kimi deyildi. İki
prezidentin 2018-ci ildə Birinci Dünya müharibəsinin döyüş
meydanından gətirilmiş Avropa palıdının tingini Cənub çəmənliyində
birlikdə təntənəli şəkildə əkdiyi ağac zərərvericilər daşıdığı
ehtimalı ilə sonradan çıxarılmış və nəticədə qurumuşdu.
Oval kabinetin yaxınlığındakı qəbul otaqlarından biri ABŞ-nin
47-ci prezidentinin təsvir olunduğu jurnal üzlükləri ilə
bəzədilmişdi.
Liderlər gərgin gözlənti içində oturarkən Tramp gözlənilmədən
başqa otaqdan Vladimir Putinə zəng etdi və onunla təxminən 40
dəqiqə danışdı.
Nəticədə Avropa liderlərinin müdaxiləsi yalnız qısa müddətli
möhlət qazandırdı. Bir neçə həftə sonra Tramp yenidən Ukraynanın
qələbə şansına şübhə etdiyini bildirməyə başladı və ABŞ biznesi
üçün yeni imkanlar vəd edən Rusiya sülh planına maraq göstərdi.
Bu zaman Avropa liderləri başa düşdülər ki, Trampı nə Ukrayna
məsələsində, nə də, görünür, hər hansı digər siyasət üzrə Qərbin
mövqeyini dəstəkləməyə razı sala bilməyəcəklər.
İclas iştirakçılarından birinin sözlərinə görə, bu, “son dərəcə
ağır və iztirablı təcrübə” idi və onu göstərirdi ki, ABŞ-nin ən
yaxın müttəfiqləri, hətta birlikdə hərəkət etdikdə belə, Tramp
administrasiyasına çox cüzi təsir göstərə bilirlər.
Trampı tərifləməyə əsaslanan kövrək konsensus da artıq dağılmağa
başlayırdı. Böyük Britaniyanın MI6 xarici kəşfiyyat xidməti də bu
tendensiyanı öz qiymətləndirməsində qeyd etmişdi.
Kəşfiyyat xidmətinin hesabatında bildirilirdi ki, bu diplomatik
yanaşma artıq “azalan effektivlik qanununa tabedir”, yəni eyni üsul
təkrar tətbiq edildikcə onun təsiri getdikcə zəifləyir”.

