
Bakı.Trend:
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti
yol verilən intizam pozuntularına görə, 2 vəkilə töhmət verib, 1
vəkil barəsində cərimə tədbiri tətbiq edib.
Bu barədə Vəkillər Kollegiyasının Mətbuat xidməti məlumat
yayıb.
Bildirilib ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin
iclasında 4 vəkilə isə peşə fəaliyyəti zamanı qanunvericiliyin
tələblərinə riayət etməsi diqqətə çatdırılıb.
İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov
Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilən
tədbirlər, görülən işlər və qarşıda duran əsas vəzifələr barədə
ətraflı məlumat verib.
İclasın gündəliyinə uyğun olaraq bəzi vəkillərin digər vəkil
qurumlarına keçməsi, dövlət qulluğunda fəaliyyətlərinə xitam
verilməsi ilə əlaqədar vəkillik fəaliyyətlərinin bərpa olunması,
eləcə də müəyyən müddətə üzvlük haqqının ödənilməsindən azad
edilmələri barədə müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul
olunub.
Eyni zamanda iclasda Bakı şəhəri 41 saylı Vəkil Bürosunun təsis
edilməsi, habelə bəzi vəkillərin vəkil kabineti yaratmaları ilə
bağlı müraciətlər müzakirə olunaraq müsbət qərarlar qəbul
edilib.
Bundan başqa, Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının
(ELSA) Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunacaq
Beynəlxalq Yay Hüquq Məktəbi layihəsinə akademik və maddi dəstəyin
göstərilməsi ilə bağlı müraciət müzakirə edilib. Gənc
hüquqşünasların beynəlxalq hüquqi bilik və bacarıqlarının inkişaf
etdirilməsi, onların beynəlxalq platformalarda təmsilçilik
imkanlarının genişləndirilməsi və praktiki hazırlığının
gücləndirilməsi nəzərə alınaraq layihəyə akademik və müvafiq maddi
dəstəyin göstərilməsi barədə qərar qəbul olunub.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və
əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul
edilib.

