
Bakı.Trend:
ABŞ müdafiə naziri Pit Heqset İsrailə bu gün üçün planlaşdırılan
səfərini ləğv edib. Səfərin ləğv edilməsinin səbəbləri
açıqlanmayıb.
Daha əvvəl CNN vəziyyətlə tanış olan mənbələrə istinadən xəbər
vermişdi ki, Pit Heqset çərşənbə günü İsrailə ilk rəsmi səfərini
etməyi planlaşdırır.
Telekanal qeyd edib ki, ABŞ Silahlı Qüvvələrinin çərşənbə gecəsi
İrana endirdiyi zərbələrin bu planlara təsir edib-etmədiyi hələlik
məlum deyil. Hazırda Heqset ABŞ Prezidenti Donald Trampla birlikdə
Türkiyənin paytaxtı Ankarada keçirilən NATO sammitində iştirak
edir.
Mənbələrin sözlərinə görə, səfərin məqsədlərindən biri Trampın
NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla
müzakirə etdiyi ABŞ istehsalı olan beşinci nəsil F-35 görünməz
qırıcılarının Türkiyəyə mümkün satışı ilə bağlı İsrailin
narahatlığını aradan qaldırmağa çalışmaq idi.
Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu CNN
telekanalına müsahibəsində Türkiyəyə bu təyyarələrin satışına qəti
şəkildə qarşı olduğunu bildirmişdi.

