
Bakı. Trend:
Öncəki xəbərdarlıqları nəzərə alaraq İran ABŞ-yə Hörmüz boğazını
idarə etmək icazəsi verməyib və verməyəcək.
Bunu İran Silahlı Qüvvələrinin Xatəm Əl-Ənbiya Qərargahının
sözçüsü İbrahim Zolfoqari deyib.
“Hörmüz boğazının idarə olunmasında müdaxilə üçün ABŞ-nin
addımlarını təkrarlaması regionun, beynəlxalq ticarətin
təhlükəsizliyini və neft tankerləri və ticarət gəmilərinin
hərəkətini ciddi şəkildə təhlükəyə atıb. Bəzi region ölkələrinin
əməkdaşlığı ilə müharibənin regiona yayılması təhlükəsinin artması
ilə nəticələnib”, – deyə o bildirib.
Zolfoqari qeyd edib ki, İran silahlı qüvvələri ABŞ ordusu
tərəfindən İranın təyin etdiyi marşrutdan kənar və İranın icazəsi
olmadan ticarət gəmiləri və neft tankerlərini keçirmək üçün
istənilən atılan addıma sərt şəkildə reaksiya verir. Ötən günlərdə
İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) və ordunun addımları
bu iddianı sübuta yetirir.
“İran region ölkələrinə xəbərdarlıq edir ki, ABŞ ilə istənilən
əməkdaşlıq və bu ölkə ordusuna logistik dəstək İranın suverenliyi
və milli təhlükəsizliyi əleyhinə müharibə mənasındadır və regionda
müharibə baş verdiyi halda bütün region ölkələrini bürüyəcək”, –
deyə o qeyd edib.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin
pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib.
Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi
obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb.
Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də,
Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər
ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini
qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi
yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

