
Bakı. Trend:
Baş nazir Əli Əsədov ÜGT-nin Baş katibi ilə əməkdaşlığın
inkişafını müzakirə edib.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov
iyulun 13-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Yan Sonders
ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında
uzunmüddətli və səmərəli tərəfdaşlığın inkişafından məmnunluq ifadə
olunub.
Azərbaycanın gömrük sistemində həyata keçirilən ardıcıl
islahatlar barədə bəhs olunub, bu baxımdan beynəlxalq standartların
tətbiqi istiqamətində ÜGT ilə əməkdaşlığın əhəmiyyəti
vurğulanıb.
Beynəlxalq ticarətin asanlaşdırılması, gömrük prosedurlarının
modernləşdirilməsi və qlobal təchizat zəncirlərinin
dayanıqlılığının təmin olunması ilə bağlı həyata keçirilən
layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin regional və beynəlxalq nəqliyyat dəhlizləri
çərçivəsində gömrük əməkdaşlığının genişləndirilməsi, xüsusilə də
Orta Dəhlizin inkişafı və tranzit potensialının gücləndirilməsi
məsələlərinə toxunulub.
Görüş zamanı Azərbaycan ilə ÜGT arasında müxtəlif istiqamətlər
üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin
Bağırov görüşdə iştirak edib.

