Britaniyada saxlanılan pakistanlı Azərbaycana ekstradisiya edilir

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq axtarışda olan Pakistan İslam Respublikasının
vətəndaşı Qasım Sohail Mohammad oğlunun Azərbaycana ekstradisiyası
ilə bağlı razılıq əldə olunub.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Baş Prokurorluğun Böyük Britaniya və Şimali
İrlandiya Birləşmiş Krallığının səlahiyyətli orqanlarına
ünvanladığı ekstradisiya sorğusu və beynəlxalq prosedurlara uyğun
tələb olunan sənədlərin təqdim edilməsindən sonra aparılan
danışıqlar nəticəsində həmin şəxsin Azərbaycana ekstradisiyası
barədə razılıq əldə edilib.

Məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla
Mübarizə İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə
toplanmış materiallarla Qasım Sohail Mohammad oğlunun elektron
informasiya texnologiyalarından istifadə etməklə qabaqcadan əlbir
olan bir qrup şəxs halında xarici bankların müştərilərinə məxsus
hesablardan pul vəsaitlərini qanunsuz ələ keçirməsinə dair əsaslı
şübhələr müəyyən edilib.

İstintaqın məlumatına əsasən, o, qanunsuz əldə edilən vəsait
hesabına Bakı şəhərində fəaliyyət göstərən mağazalardan onlayn
qaydada müxtəlif məhsullar alıb, daha sonra həmin malları səyyar
qaydada sataraq vəsaiti nağdlaşdırıb, eləcə də digər qanunsuz
əməllər törədib.




Toplanmış sübutlar əsasında barəsində təqsirləndirilən şəxs
qismində cəlb edilməsinə dair qərar qəbul olunub. İstintaqdan
yayındığı üçün onun barəsində həbs qətimkan tədbiri seçilib və Bakı
şəhərində İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq
axtarış elan edilib.

Baş Prokurorluğun məlumatına görə, həyata keçirilmiş
əməliyyat-axtarış tədbirləri nəticəsində Qasım Sohail Mohammad oğlu
Birləşmiş Krallıq ərazisində müəyyən edilərək saxlanılıb.

Hazırda onun Azərbaycan Respublikasına gətirilməsi məqsədilə
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən beynəlxalq
prosedurlara uyğun müvafiq tədbirlər həyata keçirilir.

Baş Prokurorluq bildirib ki, beynəlxalq axtarışda olan şəxslərin
müəyyən edilərək Azərbaycana ekstradisiya olunması istiqamətində
xarici tərəfdaş qurumlar və İnterpol ilə əməkdaşlıq davam
etdiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir