
Bakı.Trend:
Azərbaycandan təbii qaz ixracının həcmi artıb.
Trend-in
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin məlumatları
əsasında apardığı hesablamalara görə, cari ilin yanvar-iyun
aylarında Azərbaycan 4,105 milyard ABŞ dolları dəyərində 12,431
milyard kubmetr (qaz halında) təbii qaz ixrac edib.
Qurumun məlumatına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsində 437 milyon ABŞ dolları və ya 9,6 faiz
az olsa da, həcm ifadəsində 66 milyon kubmetr və ya 0,5 faiz çox
olub.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari
ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi
24,661 milyard ABŞ dolları təşkil edib.
Trend-in
hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 261
milyon ABŞ dolları və ya 1,1 faiz çoxdur.
Bildirilir ki, ümumi xarici ticarət dövriyyəsinin 16,32 milyard
ABŞ dolları ixracın, 8,341 milyard ABŞ dolları isə idxalın payına
düşüb.
Qurumun məlumatına görə, cari ilin yanvar-iyun aylarında ixracın
həcmi 3,442 milyard ABŞ dolları (26,7 faiz) artdığı halda, idxalın
həcmi 3,181 milyard ABŞ dolları (27,6 faiz) azalıb.
Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqının Enerji və Mənzil
Məsələləri üzrə Komissarı Dan Yorgensen , Trend-ə verdiyi özəl
müsahibədə bildirmişdi ki, hazırda Azərbaycan qazı ixracının
təxminən yarısı Avropa bazarının payına düşür.
“Bu ilin yanvar ayında Trans-Adriatik Qaz Boru Kəmərinin ilk
genişləndirilməsi həyata keçirildi — illik əlavə 1,2 milyard
kubmetr həcmində. Bu isə 2026-cı ildə Avropa bazarına əlavə qaz
tədarükləri anlamına gəlir. İqtisadi effekti də unutmaq olmaz:
Cənub Qaz Dəhlizi istifadəyə verildiyi vaxtdan etibarən Azərbaycan
iqtisadiyyatının inkişafında mühüm hərəkətverici qüvvəyə çevrilib.
Trans-Adriatik Qaz Boru Kəməri vasitəsilə kommersiya tədarüklərinin
başlanmasından bəri 2024-cü ilədək İtaliya, Yunanıstan və
Bolqarıstana qaz ixracı təxminən 24 milyard avro gəlir gətirib. Bu,
real və hiss olunan artımdır”, — deyə o bildirib.

