
Bakı.Trend:
Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında
835,460 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal
olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin
hesabatına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
2,5 faiz çoxdur.
Bildirilib ki, cari ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar
Respublikasının büdcə gəlirləri dotasiyalar nəzərə alınmadan
130,363 milyon manat təşkil edib. Qurumun məlumatına görə, bu, ötən
ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çoxdur.
Komitənin məlumatına əsasən, eyni zamanda hesabat dövründə
muxtar respublikanın büdcə xərcləri 215,749 milyon manat olub ki,
bu da 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 6,2 faiz artım
deməkdir.
Bundan əlavə, komitənin məlumatına görə, cari ilin yanvar-aprel
aylarında Naxçıvanda əsas kapitala 131,696 milyon manat həcmində
investisiya qoyulub. Qurumun məlumatına əsasən, bu göstərici
2025-ci ilin eyni dövrü ilə müqayisədə 23,1 faiz artıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin dərc
etdiyi “2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın
sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri” hesabatına
əsasən, cari ilin yanvar-iyun aylarında ölkədə 65,207 milyard manat
dəyərində ÜDM istehsal olunub. Trend-in hesablamalarına görə, bu
göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz
artıb.
Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda yaradılmış
əlavə dəyər 0,7 faiz azalaraq 19,610 milyard manat, qeyri-neft-qaz
sektorunda isə 1,5 faiz artaraq 45,596 milyard manat təşkil
edib.

