Azərbaycanda vəkillərin sayı ilk dəfə 3 mini ötüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı ilk dəfə 3 003
nəfərə çatıb.

Bu barədə iyulun 17-də “Badamdar” mehmanxanasında keçirilən
Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin
geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə
mərasimində bildirilib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov qeyd edib ki,
mərasimdə daha 67 namizəd vəkil andı içərək Kollegiyanın sıralarına
qoşulub. Onun sözlərinə görə, bununla da ölkədə fəaliyyət göstərən
vəkillərin ümumi sayı ilk dəfə 3 003 nəfərə yüksəlib.




Bildirilib ki, yeni qəbul olunan vəkillərdən 37-si kişi, 30-u
qadındır. Onlardan 8 nəfəri regionlarda, 59 nəfəri isə Bakı
şəhərində fəaliyyət göstərəcək. Yeni qəbuldan sonra qadın
vəkillərin sayı 701 nəfərə çatıb ki, bu da ümumi vəkil korpusunun
təxminən 23 faizini təşkil edir.

Anar Bağırov vurğulayıb ki, 2018-ci ildən etibarən vəkilliyə
qəbul prosesi əhatə dairəsi və şəffaflıq baxımından əhəmiyyətli
dərəcədə genişləndirilib. Bu müddətdə 17 test imtahanı keçirilib, 7
mindən çox namizəd iştirak edib, onlardan 2 174 nəfər icbari təlim
proqramını uğurla başa vuraraq Vəkillər Kollegiyasına qəbul
olunub.

Tədbir çərçivəsində vəkilliyə qəbul üzrə bütün mərhələləri
uğurla başa vurmuş namizədlər Azərbaycan Respublikasının Dövlət
Bayrağı önündə vəkil andı içərək peşə fəaliyyətlərini qanunun
aliliyi, peşə etikası və insan hüquq və azadlıqlarının müdafiəsi
prinsiplərinə sadiq şəkildə həyata keçirəcəklərinə dair öhdəlik
götürüblər. Ardınca onlara vəkil vəsiqələri təqdim edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir