
Bakı. Trend:
Prezident İlham Əliyev “Elektron Hökumət İnformasiya Sistemi
haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman
imzalayıb.
Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında
dərc olunub.
Fərmanla Elektron Hökumət İnformasiya Sisteminin
strukturunda “Elektron iştirakçılıq” altsistemi yaradılacaq.
Müəyyən edilib ki, altsistem vasitəsilə aşağıdakılar təmin
ediləcək:
– “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik
təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikası
vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququnun həyata
keçirilməsi;
– “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş ictimai iştirakçılıq formalarının həyata
keçirilməsi.
Altsistemin sahibi və operatoru funksiyalarını Azərbaycan
Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata
keçirəcək.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll
etməli, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi altsistemin formalaşdırılması və fəaliyyətinin
təkmilləşdirilməsi ilə bağlı tədbirlər görməlidir.

