
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı növbəti hava zərbələri mərhələsini başa çatdırdığını bildirib.
Modern.az xəbər verir ki, qurumun yaydığı məlumata görə, ABŞ qüvvələri İranın hərbi komanda mərkəzlərini, dəniz obyektlərini, raket və pilotsuz uçuş aparatlarının buraxılış qurğularını, həmçinin hava hücumundan müdafiə sistemlərini hədəfə alıb.
Bəyanatda qeyd olunub ki, məqsəd İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə hücum etmək imkanlarını zəiflətməkdir.
“Bu mühüm beynəlxalq dəniz dəhlizi ilə kommersiya gəmilərinin tranziti davam edir. May ayının əvvəlindən etibarən Mərkəzi Komandanlığın qüvvələri təxminən 900 kommersiya gəmisinin və 450 milyon barel xam neftin təhlükəsiz keçidinə dəstək verib”, – deyə ABŞ ordusu bildirib.
Pars Today-in məlumatına görə, İranın Çabahar və Konarak şəhərlərində azı 14 partlayış səsi eşidilib. İranın cənubundakı Sirik şəhərində də partlayışlar baş verib.
IRIB isə Şiraz və Bəndər-Abbas şəhərlərinin də hücuma məruz qaldığını xəbər verib.

