
Bakı. Trend:
Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 151 il
ötür.
Trend xəbər verir ki, XIX
əsrin sonlarına yaxın bütün Qafqazda böyük əks-səda doğuran bu
qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli
maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas-alim Həsən
bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundzadə,
Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa
ziyalıların böyük xidmətləri olub
“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək
cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının
təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən
maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm
ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların
maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd
olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini
dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik
ideyalarını təbliğ edərək, ictimai, siyasi və bədii fikrin
inkişafına böyük təsir göstərmişlər.
O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan
mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü
rolunu oynayıb.
Milli mətbuatımızın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə
bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni
mərhələ açdı.
1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan
mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə
ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın
inkişafına ciddi təkan verdi.
Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi
diqqət və qayğı Ümummilli Liderin layiqli varisi Prezident İlham
Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə söz və mətbuat
azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada
çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet
qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya
texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal
informasiya şəbəkəsinin bir hissəsinə çevirib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martında
imzaladığı Sərəncamla Prezident yanında Kütləvi İnformasiya
Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun yaradılmasında
məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini
yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya
vasitələrinə dövlət dəstəyi idi.
Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik
bazasının təkmilləşdirilməsini zərurətə çevirir. Hazırda media
məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud
qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Bununla
əlaqədar, Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında
qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş
aparılır. “Media haqqında” yeni qanun layihəsi hazırlanıb.
Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların
dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik
hüquqi şəxs yaradıldı. MEDİA agentliyinin yaradılması ölkəmizdə
media sahəsində islahatların daha sürətlə aparılmasına və
dərinləşdirilməsinə imkan verəcək.
Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması,
KİV-lərə yardımların göstərilməsi, mətbuat işçilərinin sosial
müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində tədbirlər mətbuata və mətbuat
işçilərinə qayğının tərkib hissəsidir.
Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ
müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib,
Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan
həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən
mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin
düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini
verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir.
Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı
Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə
qovuşmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir
fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki
vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə
çatdırılmasında fəal rol oynayır.
Qırx dörd günlük Vətən müharibəsində və müharibədən sonrakı
dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın
rolu və jurnalistlərin fəaliyyəti böyük oldu. Məhz nümayiş olunan
peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə
müharibə ilə əlaqədar, o cümlədən Ermənistanın törədiyi müharibə
cinayətləri haqqında dolğun məlumatların çatdırılması mümkün oldu.
Bu işlərin həyata keçirilməsində ən böyük missiyanı Ali Baş
Komandanın özü reallaşdırdı. Onun Vətən müharibəsi dövründə 30-dan
çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların
dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı.
Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində
mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim
fərqləniblər. Jurnalistlər 44 günlük Vətən müharibəsində cəbhə
xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı
çərçivəsində əməliyyatlara cəlb olunublar. Qarabağ uğrunda
döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər
arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara
göstərilən böyük etimadın və diqqətin təzahürüdür.

