
ABŞ Prezidenti Donald Tramp FİFA prezidenti Canni İnfantinonun
BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürmək imkanını
nəzərdən keçirir. Bu barədə The New York Post qəzeti məlumat
yayıb.
Mənbənin məlumatına görə, ABŞ lideri hesab edir ki, dünya
futboluna rəhbərlik edən İnfantino bu vəzifə üçün zəruri
keyfiyyətlərə malikdir. Tramp onun insanlarla asan ünsiyyət qurmaq
bacarığını yüksək qiymətləndirib və FİFA prezidentinin dünyanın bir
çox ölkəsində hörmət qazandığını bildirib. Onların münasibətlərinin
2026-cı il futbol üzrə dünya çempionatına hazırlıq və turnirin
keçirilməsi dövründə daha da yaxınlaşdığı qeyd olunur.
BMT-nin yeni baş katibinin seçkiləri bu il Antonio Quterreşin
vəzifədən ayrılmasından sonra keçiriləcək. Namizədin seçilməsi üçün
əvvəlcə BMT Təhlükəsizlik Şurasının, o cümlədən veto hüququna malik
beş daimi üzvün dəstəyini alması, daha sonra isə Baş Assambleya
tərəfindən təsdiqlənməsi tələb olunur.
“FİFA prezidenti ilə BMT-nin baş katibi vəzifələri arasında
müəyyən oxşarlıq var. Birləşmiş Millətlər Təşkilatında 193 üzv
dövlətlə işləməlisiniz. FİFA-da isə onların sayı 200-dən çoxdur və
Canninin təsirli fəaliyyəti göstərir ki, o, belə qurumları idarə
etməyi bacarır”, – deyə ABŞ-ın qlobal tərəfdaşlıq məsələləri üzrə
xüsusi nümayəndəsi Paolo Dzampolli bildirib. Onun sözlərini The
New York Post nəşri sitat gətirib.
Canni İnfantino 2016-cı ildən FİFA-ya rəhbərlik edir və 2023-cü
ildə növbəti müddətə yenidən seçilib. FİFA prezidentinin BMT-də bu
vəzifəyə namizədliyinin irəli sürülməsi ilə bağlı məlumat hələlik
rəsmi şəkildə təsdiqlənməyib.

