
Bakı. Trend:
İqlim dəyişikliyi Çində daşqın və digər təbii fəlakətlərin
riskini artırır.
Bu barədə xarici mediada məlumat dərc olunub.
Məlumata görə, iyulun sonundan avqustun əvvəlinə qədər ölkədə
həddindən artıq yağışların tezliyi və intensivliyi artacaq, Çinin
şimalının böyük hissəsində isə yağıntıların normadan 20-50 faiz çox
olacağı gözlənilir.
Kanadadakı Viktoriya Universitetinin professoru və Sakit Okean
İqlim Təsirləri Konsorsiumunun direktoru Xuebin Zhang bildirib ki,
iqlim dəyişikliyi artıq Çin üçün gələcəkdə qarşılaşılacaq problem
deyil, bu proses hazırda baş verir.
Onun sözlərinə görə, iqlim dəyişikliyinə uyğunlaşma tədbirləri
görülən cavab tədbirlərinin daha böyük hissəsinə çevrilməlidir.
Mütəxəssislər bildirirlər ki, temperaturun yüksəlməsi ölkə
ərazisində yağış kəmərinin qərbə və şimala doğru dəyişməsinə səbəb
olur. Eyni zamanda, rütubətli və yarı rütubətli iqlim zonalarının
sahəsi genişlənir. Bu proses urbanizasiya və infrastruktur
tikintisi kimi amillərlə birlikdə daşqınlarla yanaşı, digər ikinci
dərəcəli fəlakətlərin yaranması riskini də artırır.
Son həftələrdə Çinin bir çox bölgəsində güclü leysan yağışları
müşahidə olunub. Cümə günü ölkənin cənub-qərbində yerləşən Çunçin
şəhər mərkəzindən təxminən 270 kilometr məsafədə yerləşən və
mənzərəli təbiəti ilə tanınan Penqşuy qəzasında dağ yamacının bir
hissəsi uçub.
Torpaq sürüşməsi nəticəsində ən azı səkkiz nəfər ölüb. Xilasetmə
qrupları isə 34 nəfərin axtarışını davam etdirir.
Çinin Milli İqlim Mərkəzinin məlumatına görə, iyulun
ortalarından avqustun ortalarına qədər davam edən kritik daşqın
mövsümündə ölkənin şimalının böyük hissəsində, Daxili Monqolustanın
şərqində və Çinin şimal-şərqində yağıntıların orta göstəricidən
yüksək olacağı gözlənilir.
İqlim Mərkəzi bildirib ki, Pekin-Tyancin-Hebei bölgəsinin bir
çox ərazilərində yağıntılar normadan 20-50 faiz çox ola bilər.
Güclü yağışların yaratdığı daşqınların qarşısını almaq və mümkün
fəsadları azaltmaq üçün ayıq-sayıqlığın artırılmasının vacibliyi
vurğulanır.
Məlumata görə, Liaoning əyalətinin şimal-şərqində yerləşən bəzi
ərazilər bu il normadan iki dəfədən çox yağıntı alıb. İqlim
Mərkəzinin məlumatına görə, bəzi bölgələrdə şiddətli leysan
yağışları qəfil daşqınlara, şəhərlərdə su basmalarına və torpaq
sürüşmələrinə səbəb ola bilər.
Bu baxımdan, qarşıdakı dövrdə xüsusilə daşqın və torpaq
sürüşməsi riski yüksək olan ərazilərdə hava şəraitinin diqqətlə
izlənilməsi və qabaqlayıcı tədbirlərin görülməsi vacib hesab
olunur.

