
Zəngilan. Trend:
Zəngilanın Soltanlı kəndinə bu ilin sonunadək ilk köçün həyata
keçirilməsi planlaşdırılır.
Trend-in
Qarabağ bürosunun xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında
Zəngilan və Qubadlı rayonlarında Bərpa, Tikinti və İdarəetmə
Xidmətinin icraçı direktoru Növrəs Cəfərov deyib.
Onun sözlərinə görə, Soltanlı kəndinin layihəsi Azərbaycan
Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin
sifarişi ilə Macarıstanın tikinti və layihələndirmə sahəsində
fəaliyyət göstərən “KESZ” Şirkətlər Qrupu və Bakı Dövlət Layihə
İnstitutu tərəfindən hazırlanıb.
N.Cəfərov bildirib ki, kəndin ümumi ərazisi 108 hektardır.
Hazırda burada 420 fərdi yaşayış evi, inzibati bina, çoxfunksiyalı
bina, 140 yerlik uşaq bağçası və Bayraq Meydanının tikintisi davam
edir.
“420 fərdi yaşayış evindən 336-da qaba tikinti işləri artıq
yekunlaşıb. Digər evlərdə isə tikinti işləri sürətlə davam
etdirilir. Bu ilin sonunadək kəndə ilk köçün həyata keçirilməsi
nəzərdə tutulur”, – deyə o qeyd edib.
İcraçı direktor əlavə edib ki, kənddə inşa olunan fərdi yaşayış
evləri 2, 3, 4 və 5 otaqlı layihələr əsasında tikilir. Evlərlə
yanaşı, hər həyətyanı sahədə köməkçi tikililər də nəzərdə
tutulub.
N.Cəfərovun sözlərinə görə, kənd ərazisində yağış və sel
sularının təhlükəsiz şəkildə kənarlaşdırılması üçün də müvafiq
infrastruktur işləri aparılır.

