
Bakı.Trend:
NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Qərargahında
(SHAPE) təcrübə keçmiş çin əsilli Kanada vətəndaşı olan qadın
Belçikada həbs olunub. O, üçüncü ölkənin xeyrinə casusluqda və
cinayətkar təşkilatda iştirak etməkdə şübhəli bilinir.
RTBF-nin məlumatına görə, bu barədə Belçika Federal Prokurorluğu
məlumat yayıb.
Prokurorluğun məlumatına əsasən, SHAPE-in təhlükəsizlik
xidmətinin əməkdaşları qadının fəaliyyətinə diqqət yetirib və bu
barədə Baş Kəşfiyyat və Təhlükəsizlik İdarəsinə (SGRS) məlumat
veriblər.
Casusluqla bağlı işləri araşdıran Federal Prokurorluq istintaqın
aparılmasını Şarlerua Federal Məhkəmə Polisinə həvalə edib. İş
çərçivəsində şübhəlinin evində, eləcə də Mons şəhəri yaxınlığındakı
Kastoda yerləşən SHAPE qərargahındakı iş yerində axtarışlar
aparılıb.
İstintaq davam edir. Federal Prokurorluq bildirib ki, davam edən
istintaq tədbirləri və araşdırmanın maraqları nəzərə alınaraq,
hələlik əlavə məlumat verilməyəcək.

