
Bakı. Trend:
Qarşı tərəflərin ehtimal olunan hücumlarına daha sərt cavab
veriləcək.
Bu, İran ordusunun yaydığı məlumatda öz əksini tapıb.
“İran ordusu ölkənin ərazi bütövlüyü və müstəqilliyinin
qorunması istiqamətində zərrə qədər səhlənkarlıq etməyəcək və qarşı
tərəflərin hücumlarına daha sərt cavab verəcək”, – deyə məlumatda
bildirilir.
İran ordusu qeyd edir ki, ordu ölkənin digər silahlı qüvvələri
ilə yanaşı istənilən hədə və planlar qarşısında həmişə hazır
vəziyyətdədir.
İran ordusu əlavə edib ki, İran silahlı qüvvələri ölkənin
istənilən məkanında düşmənlə mübarizə aparmağa hazırdır və ölkənin
ərazi bütövlüyünün müdafiəsinin ön cəbhəsində dayanaraq hər bir
ehtimal olunan hərəkətə reaksiya verə bilər.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq,
Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə
İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb.

