
Bakı. Trend:
Fransanın cənub-qərbində baş verən meşə yanğını Bordodakı hərbi
sənaye müəssisələrini ciddi təhlükə altında qoyub.
Fransa KİV-nin məlumatına görə, alov Arkaşon körfəzi ətrafını
bürüyərək regiondakı Bordo aqlomerasiyasına yaxınlaşır. Həmin
ərazidə Fransanın müdafiə sənayesi üçün mühüm əhəmiyyət daşıyan
müəssisələr, o cümlədən “Safran”, “Thales”, “Dassault” və
“ArianeGroup” şirkətlərinin obyektləri yerləşir.
Qeyd olunub ki, “ArianeGroup”un Bordodakı müəssisələri arasında
M51 ballistik raketləri üçün yanacaq istehsal edən zavod, “Ariane
6” daşıyıcı raketi üçün mühərrik istehsal edən müəssisə, eləcə də
Avropanın raket və silah istehsalçısı MBDA üçün raket mühərrik
sistemləri istehsal edən törəmə şirkəti “Roxel France” yer
alır.
Fransanın Silahlı Qüvvələr Nazirliyi həmin obyektlərin
təhlükəsizliyinin təmin olunması üçün əlavə qüvvə və vasitələr
ayırıb.

