
Bakı. Trend:
AZCON Holding və “Amazon Web Services” (AWS) Azərbaycanda
“bulud” texnologiyalarının, süni intellekt həllərinin və rəqəmsal
transformasiya imkanlarının inkişafına yönəlmiş strateji
əməkdaşlıqlığın yeni mərhələsinə başlayıb.
Əməkdaşlıq 2026-cı ilin fevral ayında tərəflər arasında
imzalanmış müqavilə əsasında davam etdirilir. Yeni mərhələ AZCON
Holding və “AWS”in Azərbaycanın texnoloji inkişafına uzunmüddətli
töhfə vermək məramını bir daha təsdiqləyir.
Bu əməkdaşlıq qabaqcıl “bulud” texnologiyalarını yerli
müəssisələr və dövlət qurumları üçün daha əlçatan edəcək.
Beləliklə, təşkilatlar məlumatlarını və kritik iş yüklərini daha
çevik, təhlükəsiz və səmərəli şəkildə idarə edə biləcəklər.
Əməkdaşlığın istiqamətlərindən biri də müasir hibrid
arxitekturanın tətbiqidir. Bu yanaşma lokal məlumat mərkəzlərinin
“AWS”in “bulud” resursları ilə fasiləsiz, təhlükəsiz və normativ
tələblərə uyğun inteqrasiyasını təmin edəcək.
Birgə fəaliyyətin digər vacib istiqaməti süni intellekt, məlumat
analitikası, sənaye həlləri və telekommunikasiya sistemlərinin
inkişaf etdirilməsidir.
Bununla yanaşı, əməkdaşlıq ölkədə “bulud” texnologiyaları üzrə
bilik və bacarıqların inkişafına, eləcə də müasir texnoloji
həllərin daha geniş tətbiqinə xidmət edəcək.
“AWS” ilə əməkdaşlığın genişləndirilməsi AZCON Holding-in
Azərbaycanın rəqəmsal arxitekturasının gücləndirilməsinə verdiyi
töhfənin davamıdır. Bu tərəfdaşlıq innovasiyaların təşviqi,
rəqəmsal bacarıqların inkişafı və milli texnologiya ekosisteminin
gücləndirilməsi üçün yeni imkanlar yaradacaq.
Qeyd edək ki, bu əməkdaşlıq “Azərbaycan Respublikasında rəqəmsal
inkişafın sürətləndirilməsinə dair 2026 – 2028-ci illər üçün
Fəaliyyət Planı” çərçivəsində müəyyən edilmiş rəqəmsal
transformasiya, “bulud” texnologiyalarının tətbiqi, süni intellekt
və rəqəmsal bacarıqların inkişafı üzrə prioritetlərin
reallaşdırılmasına töhfə verir.

