
Bakı.Trend:
Azərbaycan, Türkmənistan və Özbəkistan arasındakı tranzit
daşımalarda eTIR sisteminin tətbiqinə başlanıb.
Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Bildirilib ki, Azərbaycandan şərqə doğru hərəkət edən televizor
və musiqi avadanlıqları yükü Xəzər dənizi üzərindən “Türkmənbaşı”
limanına çatdırılıb, daha sonra isə “Farap” sərhəd-keçid məntəqəsi
vasitəsilə Özbəkistana daxil olub. Bu əməliyyat vahid prosedur
çərçivəsində Azərbaycan, Türkmənistan və Özbəkistanı birləşdirən
ilk eTIR daşınmasıdır.
Həmçinin qərb istiqamətində isə Türkmənistandan pambıq, şirə, su
və qənnadı məmulatları daşıyan dörd yük avtomobili “Türkmənbaşı”
limanında gömrük rəsmiləşdirilməsini tamamladıqdan sonra bərə ilə
Xəzər dənizini keçərək Beynəlxalq Dəniz Ticarət Limanına çatıb.
Sistemin tətbiq edilməsində Azərbaycan, Türkmənistan və
Özbəkistanın gömrük orqanları, BMT-nin Avropa üzrə İqtisadi
Komissiyası (UNECE), Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının
(IRU) və onun üzv təşkilatları ABADA, THADA və AIRCUZ arasındakı
əməkdaşlıq mühüm rol oynayıb.
Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) dəstəyi ilə
həyata keçirilən layihə gömrük məlumatlarının real vaxt rejimində
elektron qaydada mübadiləsinə, kağız sənədləşmənin həcminin
azalmasına, risklərin minimuma endirilməsinə, gömrük
prosedurlarının sürətləndirilməsinə, xərclərin azaldılmasına,
əməliyyatların və ticarətin sadələşdirilməsinə imkanlar
yaradır.
Eyni zamanda eTIR sistemin tətbiqi Orta Dəhlizin
cəlbediciliyinin yüksəlməsi, bu marşrut vasitəsilə yükdaşımaların
həcminin artması baxımından da əhəmiyyət daşıyır.

