ABŞ və İsrail Xameneinin varisini gizli axtarır – "The Times"

Baş səhifə

ABŞ və İsrailin kəşfiyyat orqanları İranın ali dini lideri Əli Xameneinin varisi hesab olunan Müctəba Xameneinin tapılması üçün gizli əməliyyat həyata keçirir.

Modern.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.

Nəşrin iddiasına görə, əməliyyatın məqsədi Müctəba Xameneini zərərsizləşdirmək deyil, onun sağ olub-olmadığını təsdiqləmək, olduğu yeri müəyyənləşdirmək və sağlamlıq vəziyyətini qiymətləndirməkdir.

Məlumata əsasən, atası Əli Xameneinin ölümündən sonra Müctəba Xamenei demək olar ki, ictimaiyyətin diqqətindən itib. Bildirilir ki, o, mobil telefon və kompüterdən istifadə etmir, xarici dünya ilə əlaqəni yalnız etibarlı kuryerlər vasitəsilə saxlayır.

İddia olunur ki, hazırda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və İsrailin “Mossad” kəşfiyyat xidməti məhz həmin vasitəçilərin müəyyənləşdirilməsinə çalışır.

“The Times” yazır ki, bu əməliyyatda vaxtilə “Əl-Qaidə” lideri Üsamə bin Ladenin yerinin müəyyənləşdirilməsi zamanı tətbiq olunan taktikaya bənzər üsullardan istifadə edilir. Həmin əməliyyatda əsas uğur amili onun kuryerlərinin izlənilməsi olmuşdu.

Qeyd edək ki, bu məlumatlar rəsmi mənbələr tərəfindən təsdiqlənməyib və yalnız “The Times” nəşrinin iddialarına əsaslanır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir