
Bakı. Trend:
Azərbaycanda hüceyrə terapiyası mərkəzi qurulur.
Bunu Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev
Azərbaycan Televiziyasının “Hədəf” proqramına və Trend Beynəlxalq
İnformasiya Agentliyinə birgə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, dünyada aktiv şəkildə tətbiq olunmağa
başlayan və bir sıra ağır xəstəliklərin müalicəsində əvəzsiz
müalicə üsulu kimi qəbul olunan hüceyrə terapiyası ilə bağlı
ölkəmizdə də işlər aparılır:
“Biz bunu çinli həmkarlarımızla birgə Azərbaycanda həyata
keçirmək üçün hazırda həmin mərkəzi qururuq. İnanırıq ki, yerli
mütəxəssislərimiz də bu prosesə töhfə verəcəklər. Çox sevindirici
haldır ki, xaricdə oxuyub ölkəmizə dönən həmvətənlərimiz var. Onlar
nəinki adi həkim kimi fəaliyyət göstərirlər, əksəriyyətinin hüceyrə
terapiyası sahəsində elmi dərəcələri də var. Lazımi infrastruktur
qurulmaqdadır və işə salındıqdan sonra şəkərli diabet, uşaq
serebral iflici və dağınıq skleroz kimi xəstəlikləri olan insanlar
üçün bir ümid yeri yaradılacaq. Düşünürəm ki, biz bu baxımdan
regional ilkə də imza atacağıq”.
Teymur Musayev bildirib ki, Əziz Əliyev adına Azərbaycan Dövlət
Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik, estetik və
rekonstruktiv cərrahiyyə klinikası əsaslı təmir olunub. Ən müasir
avadanlıqlarla təchiz edilib və artıq fəaliyyətə başlayıb. Həmin
klinikada çox ciddi rekonstruktiv əməliyyatlar həyata keçirilir.
Yanıqlardan və böyük, iri həcmli əməliyyatlardan sonra tələb olunan
rekonstruktiv əməliyyatlar məhz həmin mərkəzdə həyata keçirilir.
İlk qeyd etdiyim Elmi Cərrahiyyə Mərkəzində yaradılmış şöbədə isə
üst çənə cərrahiyyəsi sahəsində regional bir sıra ilklərə imza
atılıb, böyük rekonstruktiv üz və çənə əməliyyatları icra
olunub.
“Biz bu iki mərkəzi yaradaraq onları məhz klinik baza kimi
düşündük ki, rezidentlərimiz layiqli şəraitdə bu ixtisaslar üzrə öz
hazırlıqlarını keçə bilsinlər. Digər məqam Elmi-Tədqiqat Kardioloji
İnstitutunda İnvaziv kardiologiya və kardiocərrahiyyə şöbəsinin
açılmasıdır. Həmin institutda davamlı olaraq digər müasirləşdirmə
prosesləri gedir, yeni avadanlıqlar alınır və quraşdırılır.
İnanıram ki, yaxın zamanda yeni bir ilkə də imza atacağıq. Onu da
sizə deyərik, xəbəriniz olacaq, açılışa da dəvət edəcəyik”.

