
Bakı.Trend:
Ermənistanın Baş Prokurorluğu ölkənin sabiq prezidenti Robert
Köçəryana, iş adamı Qaqik Tsarukyana, Dövlət Gəlirləri Komitəsinin
sabiq sədri Qaqik Xaçatryana və eləcə də onlarla əlaqəli şəxslərə
məxsus əmlakın, pul vəsaitlərinin və aktivlərin müsadirə olunmasını
tələb edib.
Bu barədə Ermənistan KİV məlumat yayıb.
Ermənistanın ikinci prezidenti Robert Köçəryanla bağlı
prokurorluq 22 daşınmaz əmlak obyektinin, daşınmaz əmlakın
alqı-satqısına dair iki hüququn, dəyəri 3 milyon ABŞ dollarından
çox olan istiqrazların, təxminən 985 milyon dramın (təxminən 2,5
milyon ABŞ dolları), 1,4 milyon ABŞ dollarından və 200 milyon
dramdan (təxminən 510 min ABŞ dolları) çox məbləğdə depozitlərin,
həmçinin cinayət işi üzrə girovun qanunsuz hissəsi kimi göstərilən
təxminən 19,56 milyard dram (təxminən 50 milyon ABŞ dolları) və
502,3 milyon dram (təxminən 1,3 milyon ABŞ dolları) məbləğində pul
vəsaitinin müsadirəsini tələb edir.
Qaqik Tsarukyanla bağlı prokurorluq 75 daşınmaz əmlak
obyektinin, o cümlədən Nor Nork rayonunda yerləşən 52 mənzilin,
Abovyan küçəsindəki 5 mənzilin, Kotayk vilayətindəki 11 mənzilin,
42 nəqliyyat vasitəsinin, 10 daşınmaz əmlak obyektinin bazar
dəyərinin, eləcə də “Multi Group” Konserni MMC, “Multi Avtotrans”
MMC, “Onira Club” MMC və digər hüquqi şəxslər də daxil olmaqla 38
hüquqi şəxsdə iştirak paylarının müsadirəsini tələb edir. Tələb
olunan pul vəsaiti 105 865 865 226 dram (289 milyon ABŞ dolları)
təşkil edir.

