
Bakı.Trend:
“Azərenerji” ASC-nin cari ilin yanvar-iyun aylarında ixracdan
əldə etdiyi gəlirlər açıqlanıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac
icmalı”nın iyul buraxılışında bildirilib ki, cari ilin yanvar-iyun
aylarında “Azərenerji” ASC-nin ixrac gəlirləri 6,3 milyon ABŞ
dolları təşkil edib.
Məlumata görə, bu göstərici 2025-ci ilin yanvar-iyun ayları ilə
müqayisədə təxminən 2,7 milyon ABŞ dolları və ya 75 faiz
çoxdur.
Qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında
iştirak edən dövlət şirkətləri arasında siyahıya “SOCAR Polymer”
MMC başçılıq edir. Siyahıda daha sonra “AzerGold” QSC, Azərbaycan
Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar
İdarəsi, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi”
MMC, SOCAR-ın Qaz İxrac İdarəsi, “Azərbaycan Hava Yolları” QSC
(AZAL), “Azərenerji” ASC, “Naxçıvan Enerji” MMC və “SOCAR-CAPE” MMC
yer alır.
“Azərenerji” ölkənin enerji infrastrukturunun inkişafı
istiqamətində layihələrin icrasını davam etdirir. Hazırda şirkət
yeni elektrik ötürücü xətlərinin tikintisi və mövcud xətlərin
modernləşdirilməsi üçün podratçıların müəyyənləşdirilməsi
prosedurlarını həyata keçirir. “Xüsusilə, “Bankə” SES – “Nəvahi”
yarımstansiyası arasında 330 kilovoltluq iki dövrəli elektrik
ötürücü xəttin Şirvan Milli Parkının hüdudlarından kənara
çıxarılması, 330 kilovoltluq “Bankə” yarımstansiyasının köçürülməsi
üzrə əlavə işlər, həmçinin 110 kilovoltluq “Yevlax – Bərdə”
elektrik ötürücü xəttinin tikintisi nəzərdə tutulur. Bu layihələrin
ümumi dəyəri 17,428 milyon manat qiymətləndirilir”, – deyə “Azərenerji” bildirib.
Bundan əlavə, Azərbaycan Energetika Nazirliyinin məlumatına
əsasən, 2026-cı ilin yanvar-iyun aylarında “Azərenerji” 11,479
milyard kilovat-saat elektrik enerjisi istehsal edib. Bunun 9,569
milyard kilovat-saatı istilik elektrik stansiyalarının, 1,883
milyard kilovat-saatı su elektrik stansiyalarının, 27,4 milyon
kilovat-saatı isə günəş elektrik stansiyalarının payına düşüb.

