
Bakı. Trend:
Dil təkcə ünsiyyət vasitəsi deyil. O, xalqın tarixi yaddaşı,
milli kimliyi, mənəvi irsi və dövlətçiliyinin əsas sütunlarından
biridir. Azərbaycan dili əsrlər boyu xalqımızın mədəniyyətini,
ədəbiyyatını, adət-ənənələrini və milli dəyərlərini yaşadaraq bu
günümüzə qədər gətirib çıxarıb. Məhz buna görə də hər il avqustun
1-də qeyd olunan Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təkcə
təqvimdə əlamətdar tarix deyil, həm də milli özünüdərkin,
dövlətçilik şüurunun və mənəvi birliyin təntənəsidir.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis olunan bu
əlamətdar gün Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin
möhkəmləndirilməsi, latın qrafikalı əlifbanın tam tətbiqi və ana
dilinin gələcək nəsillərə saf şəkildə ötürülməsi istiqamətində
həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi idi.
Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin əhəmiyyətini yüksək
qiymətləndirərək deyirdi: “Dil hər bir millətin milliliyinin
əsasıdır. Biz dilimizlə fəxr etməliyik.” Bu fikir əslində
Azərbaycan dövlətinin dil siyasətinin fəlsəfəsini ifadə edir. Çünki
dilini qoruyan xalq öz milli kimliyini, tarixini və dövlətçiliyini
də qorumuş olur.
Azərbaycan dilinin dövlət dili statusu qazanması heç də asan
başa gəlməyib. Xüsusilə ötən əsrin 70-ci illərində SSRİ-də milli
dillərin sıxışdırılması siyasəti daha da gücləndirilmişdi. O dövrdə
milli respublikalarda ana dili məsələsini açıq şəkildə gündəmə
gətirmək böyük siyasi cəsarət tələb edirdi. Keçmişdə bu mövzuda
çıxış edən ziyalıların repressiyalara məruz qalması həmin dövrün
reallığını aydın şəkildə göstərirdi.
Belə mürəkkəb şəraitdə Heydər Əliyev Azərbaycan dilinin
hüquqlarının qorunması istiqamətində prinsipial mövqe nümayiş
etdirdi. O, Konstitusiya müzakirələri zamanı ana dilində təhsil
hüququnun vacibliyini xüsusi vurğulayır, Azərbaycan dilinin dövlət
idarəçiliyində və ictimai həyatda layiqli yer tutmasının
zəruriliyini ardıcıl şəkildə müdafiə edirdi.
Bu mübarizənin ən mühüm nəticələrindən biri 1978-ci il aprelin
2-də qəbul edilən Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsinə
“Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan
dilidir” müddəasının daxil edilməsi oldu. SSRİ dövrünün sərt
ideoloji şəraitində qəbul olunan bu qərar Azərbaycanın milli-mənəvi
tarixində dönüş nöqtəsi hesab edilir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət dili
məsələsi yeni məzmun qazandı. 1995-ci ildə ümumxalq səsverməsi ilə
qəbul edilən Konstitusiyanın 21-ci maddəsində dövlət dilinin
Azərbaycan dili olması təsbit edildi. Bununla da dilimiz ilk dəfə
müstəqil Azərbaycan Respublikasının əsas qanununda öz hüquqi
statusunu aldı.
Sonrakı illərdə Heydər Əliyev tərəfindən qəbul edilən mühüm
qərarlar Azərbaycan dilinin inkişafında yeni mərhələ yaratdı.
2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin
təkmilləşdirilməsi haqqında” Fərman dövlət dilinin tətbiqinə dair
kompleks hüquqi mexanizmlər formalaşdırdı və Azərbaycan Prezidenti
yanında Dövlət Dil Komissiyası yaradıldı.
Həmin ilin 9 avqust tarixli Fərmanı ilə isə hər il avqustun 1-i
Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edildi. Bu qərar
latın qrafikalı Azərbaycan əlifbasına keçidin başa çatdırılması və
ana dilinə dövlət səviyyəsində göstərilən diqqətin rəmzi ifadəsinə
çevrildi.
2002-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında dövlət
dili haqqında” Qanun isə dövlət dilinin hüquqi statusunu daha da
möhkəmləndirdi. Qanunda Azərbaycan dilinin müstəqil dövlətçiliyin
başlıca atributlarından biri olduğu xüsusi vurğulanır.
Bu gün Ümummilli Liderin müəyyən etdiyi dil siyasəti Prezident
İlham Əliyev tərəfindən ardıcıl və müasir çağırışlara uyğun şəkildə
davam etdirilir.
Latın qrafikalı nəşrlərin genişləndirilməsi, Azərbaycan Milli
Ensiklopediyasının hazırlanması, dünya ədəbiyyatı nümunələrinin
Azərbaycan dilində çapı, “Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin
inkişafına dair Dövlət Proqramı”, elektron məkanda Azərbaycan
dilinin istifadəsinin genişləndirilməsi və dövlət dilinin
saflığının qorunmasına dair fərmanlar bu siyasətin mühüm
istiqamətlərini təşkil edir.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan dili
kifayət qədər zəngin olduğundan xarici sözlərə ehtiyac yoxdur.
Dövlət başçısı hesab edir ki, ana dilinin saflığının qorunması
yalnız dilçilərin deyil, bütövlükdə cəmiyyətin, xüsusilə media
nümayəndələrinin, yazıçıların, müəllimlərin və ziyalıların ümumi
məsuliyyətidir.
Bu baxımdan, 2025-ci il 31 iyul tarixində imzalanan Fərmanla
Azərbaycan dilinin tətbiqinə və dil normalarına əməl olunmasına
nəzarət səlahiyyətinin Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyinə verilməsi dövlət dilinin qorunması istiqamətində həyata
keçirilən islahatların yeni mərhələsini təşkil edir.
Rəqəmsallaşma, sosial media və qlobal informasiya axını dillərin
inkişafı üçün yeni imkanlar yaratmaqla yanaşı, müəyyən risklər də
formalaşdırır. Xarici sözlərin həddindən artıq işlədilməsi, sosial
şəbəkələrdə dil normalarının pozulması və orfoqrafiya qaydalarına
laqeyd münasibət ana dilinin saflığı baxımından ciddi çağırışlar
yaradır.
Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının
80 illik yubileyində söylədiyi fikirlər bu gün də xüsusi aktuallıq
daşıyır: “Azərbaycan dilinin saflığının qorunması hər bir
Azərbaycan vətəndaşının işi olmalıdır.”
Bu çağırış xüsusilə jurnalistlər, televiziya aparıcıları,
müəllimlər, alimlər və ictimai rəyə təsir göstərən şəxslər üçün
böyük məsuliyyət müəyyən edir. Çünki media cəmiyyətdə dil
mədəniyyətinin formalaşmasına birbaşa təsir göstərən əsas
vasitələrdən biridir.
Heydər Əliyevin “Xalqı xalq edən, milləti millət edən onun ana
dilidir” fikri Azərbaycan dilinin dövlətçilik tarixində tutduğu
yeri ən dolğun şəkildə ifadə edir. Ana dili xalqın milli
yaddaşıdır. Tariximiz, ədəbiyyatımız, folklorumuz, musiqimiz və
milli-mənəvi irsimiz məhz bu dil vasitəsilə gələcək nəsillərə
ötürülür.
Azərbaycan dili bu gün təkcə ölkəmizin dövlət dili deyil.
Dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımız üçün
milli mənsubiyyətin, vətənə bağlılığın və mənəvi birliyin əsas
rəmzidir.
Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü də məhz bu həqiqəti
bir daha xatırladır: müstəqil dövlətin gücü yalnız iqtisadi və
hərbi qüdrəti ilə deyil, həm də milli-mənəvi dəyərlərinə, dilinə və
mədəniyyətinə göstərdiyi qayğı ilə ölçülür.
Bu gün Azərbaycan dili dövlət idarəçiliyində, elmdə, təhsildə,
mediada, rəqəmsal texnologiyalarda və beynəlxalq müstəvidə öz
mövqeyini davamlı şəkildə möhkəmləndirir. Onun saflığını qorumaq,
zənginliyini inkişaf etdirmək və gələcək nəsillərə olduğu kimi
çatdırmaq isə hər bir vətəndaşın mənəvi borcu olaraq qalır.
Sevil Mikayılova
Milli Məclisin deputatı, IPU vitse-prezidenti

