
Bakı. Trend:
Bu ilin iyulun 1-nə Azərbaycanın milli valyutası – manatın
dövretmə sürəti 3,02 bənd təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında
bildirilib.
Məlumata əsasən, bu, cari ilin iyunun 1-i ilə müqayisədə 0,06
bənd və ya 2,03% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə
0,35 bənd və ya 10,4% azalıb.
Belə ki, bu ilin iyunun 1-nə manatın dövretmə sürəti 2,96 bənd,
ötən ilin iyulun 1-nə isə 3,37 bənd təşkil etmişdi.
Qeyd edək ki, AMB-nin statistikasına əsasən, manatın dövretmə
sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar
ayının yekununda qeydə alınaraq, 2,68 bənd təşkil edib. Bu
göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə
alınıb.
AMB sədri Taleh Kazımov ötəngün keçirdiyi mətbuat konfransında
bildirib ki, nağd valyuta bazarında ABŞ dollarını daha çox fiziki
şəxslər satırlar.
Onun sözlərinə görə, bəzi ekspertlər bunu əhalinin real
gəlirlərinin azalması ilə əlaqələndirsələr də, Mərkəzi Bank fərqli
tendensiya müşahidə edir.
“Həm nağd bazarda əhali valyuta satır, həm də əvvəlki illərlə
müqayisədə manat əmanətlərində kəskin artım qeydə alınır. Təkcə
manat əmanətləri deyil, unikal əmanətçilərin sayı da artır. Əgər
2024-cü ilin əvvəlində unikal əmanətçilərin sayı 113,9 min nəfər
idisə, bu ilin iyun ayının sonuna həmin göstərici 220 minə çatıb.
Beləliklə, təxminən iki il yarımda bu rəqəm demək olar ki, iki dəfə
artıb”, – deyə o qeyd edib.
T.Kazımov əlavə edib ki, idxalın həcminin azalması da valyuta
bazarında tələbin zəifləməsinə təsir göstərir.
AMB sədri bildirib ki, manatın ticarət tərəfdaşlarının
valyutalarına qarşı möhkəmlənməsi ölkəyə idxal olunan inflyasiyanın
azalmasına şərait yaradır.
“İnflyasiyanın idarə olunmasında qiymətlərin artmasına təsir
edən əsas amillər ticarət tərəfdaşlarımızdakı inflyasiya prosesləri
və xərc amilləridir. İnflyasiyanı azaldan əsas amil isə nominal
effektiv məzənnədir”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, dünya bazarlarında enerji daşıyıcılarının
bahalaşması dollar indeksini gücləndirir və bu proses manatın digər
valyutalara nisbətən möhkəmlənməsinə səbəb olur.
“Dollar indeksinin möhkəmlənməsi o deməkdir ki, manat digər
valyutalara nisbətən də möhkəmlənir. Nəticədə idxal etdiyimiz
ticarət tərəfdaşlarının valyutalarına qarşı manatın məzənnəsi
güclənir və bu da ölkəyə daha az inflyasiya idxal etməyimizə səbəb
olur. Nəzərə almalıyıq ki, qeyri-neft-qaz idxalımızın 80%-i enerji
daşıyıcıları ixrac edən ticarət tərəfdaşlarının payına düşür”, –
deyə T.Kazımov əlavə edib.

