Azərbaycanda səmt qazının hasilatı artıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda 2026-cı ilin yanvar-iyun aylarında 7,864 milyard
kubmetr həcmində səmt qazı (neft yataqlarının qazı) hasil
edilib.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında
bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 477,3
milyon kubmetr və ya 6,5% çoxdur.

Sözügedən həcmin 2,531 milyard kubmetri əmtəəlik qazın payına
düşüb ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 466,05
milyon kubmetr və ya 22,6% çoxdur.

Ümumilikdə, qeyd edək ki, bu ilin yanvar-iyun aylarında
Azərbaycanda 25,180 milyard kubmetr təbii qaz hasil edilib.

Məlumata görə, hasilatın həcmi ötən ilin müvafiq dövrü ilə
müqayisədə 190,8 milyon kubmetr və ya 0,8 faiz artıb.

Ötən ilin yanvar-iyun aylarında ölkədə təbii qaz hasilatı 24,989
milyard kubmetr təşkil edib.

Hesabat dövründə 19,551 milyard kubmetr əmtəəlik təbii qaz hasil
olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 209,2
milyon kubmetr və ya 1,1 faiz çoxdur.

Ötən ilin yanvar-iyun aylarında ölkədə 19,342 milyard kubmetr
əmtəəlik təbii qaz hasil olunub.

Ümumilikdə, Azərbaycanda mədənçıxarma sənayesində istehsalın
ümumi dəyəri 20,0 milyard manat olmaqla, əvvəlki ilin müvafiq
dövrünə nisbətən 0,2 faiz azalıb.




Bundan başqa, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu
ilin ilk 6 ayında Azərbaycandan 4,106 milyard ABŞ dolları dəyərində
12,431 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Ötən
ilin eyni dövrü ilə müqayisədə təbii qaz ixracının dəyəri 436,5
milyon ABŞ dolları və ya 9,6% azalıb, həcmi isə 65,8 milyon ton və
ya 0,5% artıb.

Qaz hasilatının artması fonunda Azərbaycan beynəlxalq enerji
bazarlarında etibarlı təchizatçı mövqeyini daha da möhkəmləndirir.
Bir sözlə, Azərbaycanın təbii qaz ixracının coğrafiyası da
genişlənməkdə davam edir.

Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il
üzrə İllik Toplantılarının açılış mərasimində bildirib ki, hazırda
Azərbaycan təbii qazı 16 ölkəyə ixrac edir.

“Bu gün Azərbaycan boru kəməri ilə qaz təchizatının coğrafiyası
baxımından birinci yerdədir. Biz təbii qazı 16 ölkəyə nəql edirik.
Onların sayı ilbəil artır və artmaqda davam edəcək. Neft təchizatı
daha çox ölkələri əhatə edir və bu, hasilatçı, tranzit ölkələrə və
istehlakçıların hamısına fayda gətirir.

Beləliklə, bu, yaradılmış komanda işidir və həqiqətən,
layihələrin mürəkkəb icrası, maliyyələşməsi, relyefi, qarşımızda
olan müxtəlif siyasi maneələr baxımından unikaldır”, – deyə dövlət
başçısı vurğulayıb.

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov isə Bakı Enerji
Həftəsi çərçivəsində keçirilən “Davamlı və şaxələndirilmiş enerji
gələcəyi naminə beynəlxalq əməkdaşlıq” mövzusunda nazirlərin plenar
sessiyasında deyib ki, ötən il Avropa İttifaqına boru kəməri idxal
olunan qazın ümumi həcmində Azərbaycanın payı 8,1 faiz təşkil
edib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın strateji əhəmiyyəti
istehsal etdiyi enerjinin həcmi ilə deyil, regionları və bazarları
nə dərəcədə səmərəli şəkildə birləşdirə bilməsi ilə müəyyən
olunur.

“Azərbaycan 20-dən çox ölkəyə neft ixrac edir, Azərbaycan təbii
qazını alan ölkələrin sayı isə 16-ya çatıb ki, bu da ölkəmizi boru
kəməri qazı ixracının coğrafi əhatəsinə görə dünya liderləri
sırasına çıxarır”, – deyə nazir bildirib.

P.Şahbazov qeyd edib ki, ötən il Azərbaycanın payına Avropa
İttifaqının boru kəməri qazı idxalının 8,1 faizi düşüb.

“Ötən il və cari ilin ilk dörd ayı ərzində Azərbaycan Avropaya
16,7 milyard kubmetr, Türkiyəyə 12,8 milyard kubmetr, Gürcüstana
3,3 milyard kubmetr, Suriyaya isə 800 milyon kubmetr qaz ixrac
edib”, – deyə o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir