
Bakı.Trend:
Yanvar-iyun aylarında Azərbaycandan Portuqaliyaya ixrac olunan
neftin həcmi açıqlanıb.
Dövlət Gömrük Komitəsinin dərc etdiyi Azərbaycanın xarici
ticarət gömrük statistikasına əsasən, cari ilin yanvar-iyun
aylarında Azərbaycandan Portuqaliyaya 222 milyon ABŞ dolları
dəyərində bitumlu süxurlardan alınmış 395 min ton xam neft və neft
məhsulları ixrac edilib.
Trend-in həmin
statistika əsasında apardığı hesablamalara görə, bu göstərici
2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 88,4 milyon
ABŞ dolları və ya 28,5 faiz, fiziki həcm baxımından isə 181 min ton
və ya 31,4 faiz azdır.
Komitənin məlumatına əsasən, ötən ilin yanvar-iyun aylarında
Azərbaycandan Portuqaliyaya 576 min ton bitumlu süxurlardan alınmış
xam neft və neft məhsulları ixrac olunub. Həmin ixracın dəyəri
310,4 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında Azərbaycandan
dünyanın digər ölkələrinə ümumilikdə 6,231 milyard ABŞ dolları
dəyərində 10,125 milyon ton bitumlu süxurlardan alınmış xam neft və
neft məhsulları ixrac olunub.
Trend-in Dövlət
Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara
görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər
ifadəsində 178 milyon ABŞ dolları və ya 2,8 faiz, fiziki həcm
baxımından isə 1,921 milyon ton və ya 15,9 faiz azalıb.
Komitənin məlumatına əsasən, cari ilin yanvar-iyun aylarında
Azərbaycan neftinin əsas idxalçıları arasında ilk yeri İtaliya
tutub. Bu ölkəyə 5,915 milyon ton neft və neft məhsulları 3,495
milyard ABŞ dolları dəyərində ixrac edilib. Sonrakı yerlərdə Çexiya
(705,8 min ton, 497,4 milyon ABŞ dolları) və Bolqarıstan (358,8 min
ton, 253,1 milyon ABŞ dollarından çox) qərarlaşıb.

