
Bakı.Trend:
Amerika Birləşmiş Ştatlarında volfram və akkumulyator
tullantılarının o cümlədən akkumlyatorların emalı nəticəsində əldə
olunan “qara kütlə”nin (black mass) ixracına bir il müddətinə
qadağa qoyulub.
Bu barədə “Financial Times” qəzeti yazır.
Qərar ABŞ-nin Sənaye və Təhlükəsizlik Bürosu tərəfindən qəbul
olunub. Yeni qaydalara əsasən, xüsusi icazə olmadan bu materiallar
yalnız ABŞ-də fəaliyyət göstərən alıcılara satıla bilər.
Sursat istehsalında geniş istifadə olunan volfram qlobal
silahlanmanın sürətlənməsi, beynəlxalq münaqişələr və Çinin tətbiq
etdiyi ixrac məhdudiyyətləri səbəbindən getdikcə daha qıt resursa
çevrilir. Nəticədə 2026-cı ildə volframın qiymətləri kəskin artıb.
ABŞ-də fəaliyyət göstərən volfram mədənləri yoxdur. Ölkədə metal
tullantılarının emalı müəssisələri fəaliyyət göstərsə də,
ekspertlərin fikrincə, onların gücü bütün volfram tullantılarını
tam həcmdə hazır məhsula çevirmək üçün kifayət etmir.
ABŞ-də “Qara kütlə” termini adətən litium, kobalt, nikel, manqan
və qrafiti nəzərdə tutur. Lakin ABŞ-də bu materialın emalı üzrə
istehsal gücləri məhduddur və xammalın böyük hissəsi emal üçün
Asiyaya göndərilir.

