
Bakı. Trend:
2026-cı ilin ilk yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar
blokunda 7 hasilat, 3 suvurma və 2 qazvurma quyusu qazılaraq
tamamlanıb.
Bu barədə bp-nin hesabatında bildirilib.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk yarısında AÇG-də 3
hasilat, 3 suvurma və 1 qazvurma quyusu qazılıb və istismara hazır
vəziyyətə gətirilib.
bp-nin məlumatına görə, “Qərbi Azəri” platformasından qazılan
C44 hasilat quyusu AÇG layihəsi üçün mühüm mərhələ olub. Belə ki,
bu quyu Xəzər dənizində qazılmış ilk çoxtərəfli (multilateral) quyu
kimi tarixə düşüb.
“Quyu təhlükəsiz şəkildə və nəzərdə tutulan vaxtdan 30 gün əvvəl
təhvil verilib. Həm qazma, həm də tamamlama işləri planlaşdırılan
qrafiki əhəmiyyətli dərəcədə üstələyib. AÇG-də çoxtərəfli quyu
texnologiyasının uğurla tətbiqi yataqdan maksimum hasilatın təmin
edilməsi və uzunmüddətli neft istehsalının davamlı saxlanılması
istiqamətində mühüm addımdır”, – deyə bp bildirib.
2026-cı ilin iyun ayının sonuna olan məlumata görə, AÇG-də 150
neft quyusu hasilat verib, 51 quyu laylara su vurulması, 11 quyu
isə qaz vurulması məqsədilə istifadə olunub.
Hazırda AÇG layihəsində iştirak payları belə bölüşdürülüb: bp
(operator – 30,37%), SOCAR (35,30%), MOL (9,57%), INPEX (9,31%),
ExxonMobil (6,79%), TPAO (5,73%) və ONGC Videsh (2,92%).
AÇG üzrə Məhsulun Pay Bölgüsü Sazişi çərçivəsində operator
funksiyasını “BP Exploration (Caspian Sea) Limited” həyata
keçirir.
Qeyd edək ki, 2026-cı ilin ilk yarısında bp və onun tərəfdaşları
AÇG layihəsinə 268 milyon ABŞ dolları əməliyyat xərcləri (OPEX) və
733 milyon ABŞ dolları kapital xərcləri (CAPEX) yönəldiblər.
Trend-in
hesablamalarına görə, bu göstəricilər ötən ilin eyni dövrü ilə
müqayisədə müvafiq olaraq 3,5% və 31,4% artıb.

