
Bakı. Trend:
2026-cı ilin ikinci və sonuncu Günəş tutulması bu gün – avqustun
12-də baş verəcək. Tam Günəş tutulması olacaq astronomik hadisə bir
sıra ölkələrdən müşahidə ediləcək.
Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının
məlumatına görə, tutulmanın tam fazası İslandiya, İspaniya,
Portuqaliyanın şimal-qərbi, Qrenlandiya və Atlantik okeanının şimal
hissəsindən keçən zolaqda müşahidə olunacaq. Qismən Günəş tutulması
isə Avropanın böyük hissəsində, Şimali Amerikanın bəzi
bölgələrində, Sakit okeanın bir hissəsində və Afrikanın
şimal-qərbində görünəcək.
Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq və
23:57-də başa çatacaq. Tutulmanın maksimum fazası saat 21:46-da
qeydə alınacaq. Ümumilikdə təxminən 5 saat davam edəcək hadisə
zamanı Günəş diskinin tam örtülməsi təqribən 7 dəqiqə çəkəcək.
Azərbaycandan isə bu tutulmanı müşahidə etmək mümkün olmayacaq.
Ölkəmizdən müşahidə edilən son Günəş tutulması 25 oktyabr 2022-ci
ildə baş verən qismən Günəş tutulması olub. Azərbaycandan növbəti
müşahidə edilə biləcək tutulma 2 avqust 2027-ci ildə baş verəcək.
Həmin hadisə tam Günəş tutulması olacaq, lakin Azərbaycan tam kölgə
zolağından kənarda qalacağı üçün ölkə ərazisindən yalnız qismən
tutulma fazasını izləmək mümkün olacaq.

