
Bakı. Trend:
2024-cü ildə ilk tədris ilinə 6 fakültə, 27 ixtisas proqramı və
1154 tələbə ilə başlayan Qarabağ Universiteti bu gün 9 fakültədə 49
ixtisas üzrə təhsil imkanları təqdim edir.
Qarabağ Universiteti mühəndislik, biznes və iqtisadiyyat, tibb
və sağlamlıq elmləri, riyaziyyat və kompüter elmləri, pedaqogika,
təbiət elmləri, humanitar və sosial elmlər, incəsənət istiqamətləri
üzrə kadr hazırlığı həyata keçirir.
Beynəlxalq standartlara cavab verən infrastruktur, o cümlədən
müasir auditoriya və laboratoriyalar, zəngin kitabxana və
elmi-tədqiqat məkanları tələbələrin öyrəndiyi, araşdırdığı,
yaratdığı və yeni ideyaları həyata keçirdiyi canlı akademik mühit
formalaşdırır.
Burada yalnız dövlət sifarişi əsasında qəbul həyata keçirilir.
Tələbələrin keyfiyyətli təhsil alması və müasir universitet
kampusunun təqdim etdiyi imkanlardan yararlana bilməsi üçün
hərtərəfli şərait yaradılıb. Bütün tələbələr üçün yataqxana və
kommunal xidmətlərin xərcləri dövlət tərəfindən qarşılanır.
Amma Qarabağ Universitetinin hekayəsi bununla bitmir.
Universitet böyüyür, onun imkanları və coğrafiyası
genişlənir.
Xankəndidə Mühəndislik, Riyaziyyat və kompüter elmləri, Təbiət
elmləri, Sosial elmlər və hüquq, Şuşada İncəsənət, Xocalıda Kənd
Təsərrüfatı fakültələri üçün yeni binaların inşası Qarabağda böyük
bir təhsil ekosisteminin formalaşmasına xidmət edəcək.
Universitetin Klinikası ilə birgə Tibb və sağlamlıq fakültəsi
isə təhsil, elmi tədqiqat və müasir tibbi xidmətin bir araya
gəldiyi akademik-kliniki mərkəzdir. Burada gələcəyin həkimləri
nəzəri biliklərini real klinik mühitdə möhkəmləndirir və praktiki
bacarıqlar qazanırlar.
Qarabağ Universitetində təhsil auditoriya ilə məhdudlaşmır.
Təcrübə proqramları, istehsalat təcrübəsi və tətbiqyönümlü öyrənmə
tələbələrə biliklərini real iş mühitində sınamaq, tərəfdaşlarla
əməkdaşlıq isə gələcək karyeralarına hazırlaşmaq imkanı verir.
Çünki məqsəd yalnız məzun yetişdirmək deyil. Məqsəd Qarabağın və
Azərbaycanın gələcəyini quracaq yeni nəsil yetişdirməkdir.
Bu gün Qarabağ Universiteti sürətlə böyüyür. Sabah burada yeni
ixtisaslar, yeni elmi araşdırmalar, daha geniş akademik imkanlar və
yeni uğur hekayələri yaranacaq.
O gələcəyin bir parçası olmaq istəyirsənsə, Qarabağ
Universitetini seç. Öyrən, yarat, yenidən qur.
Ətraflı məlumat üçün: qu.edu.az

