
Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Gürcüstana 182,009
milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu həcmdə
elektrik enerjisinin ixracından əldə olunan gəlir 10,751 milyon ABŞ
dolları olub.
Gürcüstana elektrik enerjisi ixracı 2025-ci ilin eyni
aylarındakı göstərici ilə müqayisədə həcm ifadəsində 282,587 milyon
min kVt/saat və ya 2,5 dəfə, dəyər ifadəsi ilə isə 15,8 milyon ABŞ
dolları, yaxud 2,5 dəfə azalıb.
Eyni zamanda, 2026-cı ilin ilk altı ayında Azərbaycan
Gürcüstandan 3,027 milyon ABŞ dolları dəyərində, 46,568 milyon
kVt/saat həcmində elektrik enerjisi idxal edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 1,673 milyon ABŞ dolları və ya 2,2 dəfə, həcm ifadəsində
isə 25,744 milyon kVt/saat və ya 2,2 dəfə çoxdur.
Ümumilikdə isə 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycandan
8 ölkəyə 4,105 milyard ABŞ dolları dəyərində 12,431 milyard kubmetr
təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə
müqayisədə dəyər baxımından 436,466 milyon ABŞ dolları və ya 9,6%
az, həcm baxımından isə 65,848 milyon kubmetr və ya 0,5%
çoxdur.
Bundan başqa, 2026-cı ilin ilk altı ayında Azərbaycan cəmisi bir
ölkədən – İran İslam Respublikasından 13,001 milyon ABŞ dolları
dəyərində 193,187 milyon kubmetr təbii qaz (qaz halında) idxal
edib. Ötən ilin eyni dövründə isə Azərbaycan iki ölkədən – Rusiya
və Türkmənistandan 31,980 milyon ABŞ dolları dəyərində 208,246
milyon kubmetr təbii qaz idxal etmişdi. Beləliklə, Azərbaycana
təbii qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 18,979 milyon ABŞ dolları və ya 59,3%, həcm baxımından
isə 12,059 milyon kubmetr və yaxud 5,9% azalıb.
Qeyd edək ki, Azərbaycan və Gürcüstan arasında enerji
əməkdaşlığı iki ölkənin iqtisadi münasibətlərinin əsas
istiqamətlərindən biri hesab olunur.
Bakı Enerji Həftəsi çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə Gürcüstanın
iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini İnqa Pxaladze
də regional enerji əməkdaşlığının strateji əhəmiyyətini
vurğulayıb.
“Belə əməkdaşlıq formatları ölkələrə xarici şokların təsirini
daha effektiv şəkildə aradan qaldırmağa, müstəqil qərar qəbul etmə
qabiliyyətini qorumağa və enerji təhlükəsizliyini möhkəmləndirməyə
imkan verir. Gürcüstan üçün prioritet istiqamət enerji
təhlükəsizliyinin gücləndirilməsidir və bu, təkbaşına təmin oluna
bilməz, o cümlədən Azərbaycan da daxil olmaqla qonşu dövlətlərlə
sıx əməkdaşlıq tələb edir”, – deyə o bildirib.
Pxaladzenin sözlərinə görə, Gürcüstan və Azərbaycan xüsusilə qış
dövründə təbii qaz və elektrik enerjisi təchizatı sahəsində
uzunillik tərəfdaşlardır və Tbilisi Azərbaycan, Rumıniya və digər
Avropa ölkələri ilə Cənubi Qafqazla Avropa arasında enerji
bağlantılarının inkişafına yönəlmiş regional təşəbbüslərdə fəal
iştirak edir.

