
Bakı.Trend:
Rumıniyanın Çernavoda şəhərində yerləşən Atom Elektrik
Stansiyası Dunay çayında suyun səviyyəsinin kəskin aşağı düşməsi
səbəbindən ikinci enerji blokunun fəaliyyətini tam dayandırıb.
Elektrik istehsalı bərpa olunanana qədər Rumıniya yaranmış elektrik
enerjisi çatışmazlığını idxal hesabına qarşılayacaq.
Bu barədə “Digi24” məlumat yayıb.
2 saylı enerji blokunun nəzarətli şəkildə dayandırılması
proseduruna bu gün saat 07:00-da başlanılıb. Saat 11:00-da isə
bundan əvvəl təxminən 680 meqavat elektrik enerjisi təmin edən
stansiya şəbəkəyə elektrik enerjisi təchizatını tamamilə
dayandırıb.
Qərar reaktorların soyudulması üçün istifadə olunan Dunay
çayında suyun səviyyəsinin uzun müddət ərzində əhəmiyyətli dərəcədə
aşağı düşməsi ilə əlaqədar qəbul edilib. “Nuclearelectrica” şirkəti
vurğulayıb ki, prosedur bütün təhlükəsizlik standartlarına uyğun
şəkildə həyata keçirilib.

