Xankəndi və Baia Mare qardaşlaşır (FOTO)

Baş səhifə

Xankəndi. Trend:

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ilə Rumıniyanın
Maramureş və Baia Mareregionu arasında iqtisadi, investisiya,
mədəni-humanitar, idman və digər sahələrdə əməkdaşlığın inkişaf
etdirilməsi barədə razılıq əldə olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən
məlumata görə, Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri,
Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin
xüsusi nümayəndəsi Elçin Yusubovun rəhbərlik etdiyi nümayəndə
heyəti Maramureş regionunun rəhbəri Qabriel-Valer Zatea ilə
görüşüb.

Görüşdə Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq
münasibətlərinin regional səviyyədə daha da inkişaf etdirilməsi,
Qarabağ və Maramureş regionları arasında müxtəlif sahələri əhatə
edən geniş əməkdaşlığın qurulması məsələləri müzakirə olunub.
E.Yusubov Azərbaycanın, xüsusilə Xankəndi şəhəri, Ağdərə və Xocalı
rayonlarının Avropa ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığın
inkişafında maraqlı olduğunu bildirib. O, Qarabağda və Şərqi
Zəngəzurda, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən
genişmiqyaslı bərpa, quruculuq və infrastruktur layihələri, xarici
investorlar üçün yaradılan imkanlar barədə məlumat verib.
Azərbaycan tərəfi Maramureş regionunun rəhbəri Qabriel-Valer
Zateanı Qarabağa rəsmi səfərə dəvət edib.

Dəvəti qəbul edən Qabriel-Valer Zatea regional səviyyədə
əməkdaşlığın iki ölkə arasında əlaqələrin daha da
möhkəmləndirilməsinə mühüm töhfə verəcəyini bildirib. O,
Maramureşdə həyata keçirilən layihələrdə Azərbaycan
sərmayəçilərinin iştirakına böyük maraq göstərildiyini qeyd
edib.Görüşdə Qarabağ və Maramureşdə qarşılıqlı olaraq region
günlərinin keçirilməsi, iki regionun iş adamlarının iştirakı ilə
biznes forumun təşkili, iqtisadi və investisiya imkanlarının birgə
dəyərləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

E.Yusubov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı
bərpa quruculuq işlərini və regionda dayanıqlı sülh və sabitlik
mühitinin formalaşdırılmasını tarixi nailiyyət kimi
qiymətləndirib.

Bundan başqa Azərbaycan nümayəndə heyəti Baia Mare şəhərinin
meri İoan Doru Dencuşla da görüşüb.
Görüşdə Baia Mare və Xankəndi şəhərləri arasında əlaqələrin
qurulması və inkişaf etdirilməsi, birgə layihələrin həyata
keçirilməsi, təcrübə mübadiləsi, investisiya və digər qarşılıqlı
faydalı əməkdaşlıq istiqamətləri müzakirə olunub.Baia Marenin meri
İoan Doru Dencuş Azərbaycanla, Qarabağla əlaqələrin inkişaf
etdirilməsi üçün konkret əməkdaşlıq istiqamətlərinin
müəyyənləşdirilməsini, Azərbaycan şirkətləri ilə tərəfdaşlıq
əlaqələrinin qurulmasını və qarşılıqlı investisiya imkanlarının
nəzərdən keçirilməsini təklif edib. O, həmçinin mədəni, humanitar
və idman sahələrində əməkdaşlığa maraqlı olduqlarını bildirib.Elçin
Yusubov Xankəndinin coğrafi mövqeyi, təbiəti və zəngin irsi
baxımından Baia Mare ilə oxşarlıqlarının olduğunu diqqətə çatdırıb.
O, Xankəndinin Qarabağın mühüm siyasi, iqtisadi və mədəni
mərkəzlərindən biri olduğunu, şəhərin zəngin tarixi barədə məlumat
verib. Xüsusi nümayəndə Qarabağda həyata keçirilən genişmiqyaslı
quruculuq layihələrinin region ölkələri, o cümlədən Avropa
dövlətləri üçün uzunmüddətli strateji və iqtisadi əhəmiyyət
daşıdığını vurğulayıb. Görüş zamanı Rumıniya tərəfi Azərbaycana,
xüsusilə Qarabağa rəsmi səfərə dəvət olunub. Tərəflər Baia Mare və
Xankəndi şəhərləri arasında qardaşlaşma haqqında sazişin
imzalanması barədə razılığa gəliblər. Keçirilən görüşlər Qarabağ
regionu ilə Rumıniyanın Maramureş regionu, eləcə də Xankəndi və
Baia Mare şəhərləri arasında əlaqələrin yeni mərhələyə
yüksəldilməsi, iqtisadi və investisiya əməkdaşlığının
genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir