
Bakı. Trend:
Meta Azərbaycanda “Facebook” reklamlarına əlavə dəyər vergisinin
(ƏDV) tətbiqinə başlayacaq.
Şirkətin məlumatına görə, 1 sentyabr 2026-cı ildən etibarən
“Sold To” ölkəsi Azərbaycan kimi göstərilən biznes və ya fərdi
ünvanlara malik reklamverənlər üçün “Facebook” reklamlarına qüvvədə
olan 18 faizlik ƏDV tətbiq ediləcək.
Meta bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bizneslər
ödəniş parametrlərində VÖEN-lərini qeyd edə bilərlər.
“VÖEN-in təqdim edilməsi reklam yerləşdirmək üçün məcburi deyil.
Lakin VÖEN təqdim edildiyi halda, şirkətin məlumatına əsasən, həmin
VÖEN Meta tərəfindən verilən hesab-fakturalarda əks olunacaq.
Qüvvədə olan VÖEN təqdim edildikdə Meta hesab-fakturaya 18
faizlik ƏDV əlavə etməyəcək. Bu halda reklamverən aldığı reklam
xidmətləri üzrə ƏDV-ni əks hesablamaq, bəyan etmək və Azərbaycan
Dövlət Vergi Xidmətinə ödəmək məsuliyyətini daşıyacaq”, – məlumatda
vurğulanıb.
Meta qeyd edib ki, ƏDV ödənişlərin üzərinə əlavə olunduğundan,
reklamverənin hesablaşma həddinə daha tez çatmasına səbəb
olmayacaq: “Bununla belə, faktiki ödəniş məbləği müəyyən edilmiş
hesablaşma həddindən yüksək ola bilər.
Eyni zamanda əl ilə ödəniş üsulundan istifadə edən
reklamverənlərin hesabına vəsait yüklənərkən ƏDV hazırda qüvvədə
olan 18 faiz dərəcəsi ilə nəzərə alınacaq və tətbiq ediləcək”.
Meta vergi məsələləri ilə bağlı məsləhət vermədiyini və bu
mövzuda sualı olan istifadəçilərə vergi məsləhətçilərinə və ya
yerli vergi orqanlarına müraciət etməyi tövsiyə etdiyini
açıqlayıb.

