
Bakı. Trend:
Bu gün saat 15:00-dan etibarən təlim-tərbiyə işləri üzrə
direktor müavini və digər profillər üzrə direktor müavini vəzifəsi
vakant olan dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu
prosesinin elektron sənəd qəbulu mərhələsinə başlanılıb.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin
məlumatında qeyd edilib.
Bildirilib ki, namizədlər 27 avqust 2026-cı il saat 15:00-dək
miq.edu.az/muavin linki vasitəsilə
elektron qeydiyyatdan keçə bilərlər.
“Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olacaq. Seçim
mərhələsində namizədlərin təqdim etdiyi məlumat və sənədlərin
düzgünlüyü yoxlanıldıqdan sonra müsabiqənin müsahibə mərhələsinə
buraxılacaqlar. Namizədlər müsahibə mərhələsinə qaydalara uyğun
olaraq ardıcıllıq əsasında dəvət ediləcəklər.
Namizədlər müsahibə mərhələsində liderlik və strateji idarəetmə,
pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə,
problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də
sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.
Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək
münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada
rəsmiləşdiriləcək”, – deyə məlumatda bildirilib.

