
Bakı.Trend:
Rusiyada əmək miqrantlarının tibbi müayinədən keçirilməsi
qaydaları sərtləşdirilib. Təhlükəli xəstəliklərin olmamasını və
narkotik vasitələrdən istifadə faktını yoxlamaq üçün nəzərdə
tutulan müddət 90 gündən 30 günə endirilib.
Bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, Rusiyaya 30 gündən artıq müddətə gələn miqrantlar
hər il tibbi müayinədən keçməyə məcbur olacaqlar. Müayinənin
xərclərini isə miqrantların özləri və ya işəgötürənləri
ödəyəcəklər. Bu prosedur müvəqqəti yaşamaq və ya işləmək üçün
icazənin alınması məqsədilə məcburi olacaq.
Tibbi müayinənin nəticələrinə əsasən müvafiq rəy tərtib
ediləcək. Miqrantlarda HİV/QİÇS və ya digər təhlükəli xəstəliklər
aşkar edilərsə, yaxud onların narkotik vasitələrdən istifadə
etdikləri müəyyən olunarsa, tibb müəssisələri bununla bağlı Daxili
İşlər Nazirliyinə və “Rospotrebnadzor”a məlumat verməli olacaqlar.
Bu məlumatlar əcnəbilərin ölkədən çıxarılmasına qədər müxtəlif
qərarların qəbul edilməsi üçün nəzərdən keçiriləcək.

