
Bakı. Trend:
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən
son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı,
Sumqayıt, Gəncə şəhərləri və Salyan rayonunda yaşıllıqların
qanunsuz kəsilməsi faktları aşkar olunub.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat
yayıb.
Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Nizami rayonunun
Özbəkistan və Şirin Mirzəyev küçələrində, Nəsimi rayonunun Novruzov
qardaşları küçəsi 75 ünvanında, Yasamal rayonunun Mətbuat
prospektində, Sumqayıt şəhərinin Səməd Vurğun və C.Cabbarlı
küçələrində, eləcə də Nizami küçəsi ilə Polad Həşimov küçəsinin
kəsişməsində, Gəncə şəhərinin 3-cü mikrorayon ərazisində və Salyan
rayonunun inzibati ərazisində ağacların qanunsuz kəsilməsi
nəticəsində yaşıllıqlara 199 620 manat məbləğində ziyan dəydiyi
müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət
tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün
toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

