
Bakı.Trend:
Türkmənistan 2027-2028-ci illər üçün Dənizə çıxışı olmayan
inkişaf etməkdə olan ölkələr (LLDCs) Qrupunun sədri, Azərbaycan isə
vitse-sədri seçilib.
Bu haqda “Turkmenportal” məlumat yayıb.
Bildirilib ki, müvafiq qərar qrupun Nyu-Yorkda BMT yanında daimi
nümayəndələr səviyyəsində keçirilən iclasında qəbul edilib.
Regional qruplardan rəhbər büroya Laos, Burundi, Çad, Ruanda və
Paraqvay da seçilib.
Bu sədrlik Türkmənistana 1 yanvar 2027-ci ildən etibarən iki il
müddətində qrupun fəaliyyətini, o cümlədən ölkə üçün prioritet olan
enerji və nəqliyyat bağlantısı istiqamətlərində işini
əlaqələndirmək və dənizə çıxışı olmayan 32 inkişaf etməkdə olan
ölkənin maraqlarını təmsil etmək imkanı verəcək.
Bildirilir ki, rəhbərliyin tərkibi 24 sentyabr 2026-cı ildə
BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında keçiriləcək LLDCs üzrə
nazirlər görüşünün yekun bəyannaməsi ilə də təsdiqlənəcək.
Cari ilin noyabr-dekabr aylarında BMT-nin ən az inkişaf etmiş
ölkələr, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr və
kiçik ada dövlətləri üzrə yüksək səviyyəli nümayəndəsinin ofisi
(OHRLLS) ilə birgə Türkmənistanın 2027-2028-ci illərdə qrupa
sədrliyi üzrə yol xəritəsinin layihəsinin hazırlanması
planlaşdırılır.

