
Bakı. Trend:
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının
Dördüncü İqlim Həftəsinin (CW4) ikinci günü keçirilir.
Trend-in
tədbirdəki müxbirinin məlumatına görə, tədbirin ikinci günündə əsas
diqqət dayanıqlı şəhərlər, nəqliyyat, su ehtiyatları və kənd
təsərrüfatı məsələlərinə yönəldilib.
Günün proqramı çərçivəsində Xəzər dənizində iqlim dəyişmələrinin
yaratdığı çağırışlar, su səviyyəsində dəyişikliklərin sahilyanı
ekosistemlərə, icmalara, şəhərlərə, infrastruktura, nəqliyyata və
iqtisadi fəaliyyətə təsiri müzakirə olunur.
Bundan əlavə, çoxsaylı təhlükələrə qarşı erkən xəbərdarlıq
sistemlərinə süni intellektin inteqrasiyasının üstünlükləri və
çətinlikləri nəzərdən keçirilir. Bu çərçivədə süni intellekt əsaslı
hava proqnozu modellərinin tətbiqi, kibertəhlükəsizlik, məlumat
təminatı, texnologiyanın etibarlılığı və beynəlxalq əməkdaşlıq
məsələləri diqqət mərkəzindədir.
İkinci günün proqramında iqlimədavamlı kənd təsərrüfatının
formalaşdırılmasında rəqəmsal transformasiya və süni intellektin
imkanlarına da xüsusi yer ayrılıb. Azərbaycanda kənd təsərrüfatında
süni intellekt və məlumat əsaslı həllərin tətbiqi, fermerlərə
dəstək mexanizmləri, su və ərzaq sistemlərinin iqlim dəyişmələrinə
uyğunlaşdırılması məsələləri müzakirə edilir.
Günün digər sessiyalarında yaşıl rəqəmsal fəaliyyət, rəqəmsal
infrastrukturun iqlim dayanıqlığı və enerji səmərəliliyi, eləcə də
şəhər inkişafının qlobal iqlim gündəliyinə inteqrasiyası məsələləri
müzakirə olunacaq.
Həmçinin Bakı şəhərində keçirilən Ümumdünya Şəhər Forumunun
13-cü sessiyasının nəticələrinin COP31-ə qədər iqlim fəaliyyətinə
necə inteqrasiya edilə biləcəyi, dayanıqlı və iqlimədavamlı
şəhərlərin inkişafı, dayanıqlı infrastruktur, yaşıl tikinti, iqlim
maliyyələşdirilməsi və şəhərlərin iqlim risklərinə hazırlığı ilə
bağlı məsələlər gündəmdə olacaq.
Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək
davam edəcək.

