
Bakı. Trend:
Bakı şəhəri, eləcə də ətraf şəhər və rayonlarda sahibkarlıq
fəaliyyəti ilə məşğul olan və biznes ideyasını reallaşdırmaq
istəyən şəxslər müxtəlif istiqamətlər üzrə məsləhət xidmətlərindən
yararlana bilərlər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna
daxil olan Bakı KOB İnkişaf Mərkəzi (Bakı KOBİM) tərəfindən
göstərilən məsləhət xidmətləri sahibkarların bilik və
bacarıqlarının artırılmasına, biznes proseslərinin daha səmərəli
təşkilinə, düzgün biznes qərarlarının qəbul edilməsinə və inkişaf
imkanlarının genişləndirilməsinə dəstək məqsədi daşıyır.
Məsləhət xidmətləri əsasən aşağıdakı istiqamətlər üzrə
göstərilir:
- biznesin planlaşdırılması və idarə olunması;
- biznes planlarının hazırlanması;
- fərdi biznes məsləhətləri və biznes diaqnostikası;
- marketinq və satış strategiyalarının hazırlanması;
- insan resurslarının idarə edilməsi;
- startaplara hüquqi və sənədləşmə məsələləri üzrə dəstək;
- korporativ idarəetmə və daxili prosedurlar üzrə metodoloji
dəstək; - əməyin mühafizəsi və iş təhlükəsizliyi;
- maliyyə resurslarına çıxış və dövlət dəstək proqramlarına
müraciət üzrə mentorluq; - qadın sahibkarlar üçün brend inkişafı üzrə dəstək;
- təqdimat və kommunikasiya bacarıqlarının inkişafı və s.
Məsləhət xidmətləri sahibkarların və biznesə başlamaq istəyən
şəxslərin Bakı KOBİM-ə müraciəti əsasında onlayn və oflayn
formatlarda göstərilir və ödənişsizdir.
Sahibkarlıq fəaliyyətinə başlamaq və ya mövcud biznesini inkişaf
etdirmək istəyən şəxslər baki.kobim.az saytı vasitəsilə elektron
müraciət edə və ya (+994 55) 505 20 09 nömrəsi ilə əlaqə saxlayaraq
məsləhət xidmətlərindən yararlana bilərlər.
Ünvan: Bakı KOBİM (Ziya Bünyadov prospekti, 38C, 1969-cu
məhəllə, “Bakı KOB evi”nin 2-ci mərtəbəsi).

