
Bakı.Trend:
Polşa və ABŞ-nin hərbi rəhbərliyi “Foreign Military Financing”
proqramı çərçivəsində Varşavaya 4 milyard dollar məbləğində kredit
zəmanətlərinin təqdim olunması barədə saziş imzalayıb.
Bu barədə Polşanın rəsmi “X” kanalında məlumat yayılıb.
“Baş nazirin müavini Vladislav Kosinyak-Kamış, maliyyə və
iqtisadiyyat naziri Andjey Domanovski, Milli İqtisadiyyat Bankının
İdarə Heyətinin sədri Miroslav Çekay və Milli İqtisadiyyat Bankının
İdarə Heyətinin birinci sədr müavini Marta Postula “Foreign
Military Financing” proqramı çərçivəsində maliyyələşdirmə ilə bağlı
Polşa və ABŞ arasında saziş imzalayıblar”, – Polşa Müdafiə
Nazirliyinin X sosial şəbəkəsində yaydığı məlumatda bildirilir.
Saziş üzrə kreditin məbləğinin 4 milyard dollar təşkil edəcəyini
imzalanma mərasimində iştirak edən ABŞ dövlət katibinin silahlara
nəzarət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Tomas
Dinanno açıqlayıb. Amerikalı diplomatın sözlərinə görə, Vaşinqtonun
Varşavaya ayırdığı hərbi kreditlərin ümumi məbləği 20 milyard
dollara çatıb.
ABŞ Polşanın əsas müdafiə tərəfdaşıdır. Varşava ABŞ-dən “F-35”
qırıcıları, 96 ədəd “AH-64 Apache” zərbəçi helikopteri, aviasiya
raketləri, “Abrams” tankları, həmçinin “Patriot” hava hücumundan
müdafiə sistemləri alır.

