
Bakı.Trend:
Londonun “The Dorchester” hoteli ödənilməmiş 458 min funt
sterlinq məbləğində hesabla bağlı Qətər şeyxi Nasir bin Abdullah
əl-Taninin avtomobilini satışa çıxaracaq.
Bu barədə “Financial Times” yazıb.
Məlumatda bildirilib ki, Əl-Taniyə qarşı iddia mart ayında hotel
otaqlarının, otaqla bağlı digər xərclərin və faizlərin ödənilməməsi
ilə əlaqədar qaldırılıb.
“Məhkəmə ümumilikdə 458 min funt sterlinq məbləğin tutulması
barədə hotelin xeyrinə qərar çıxarıb və əl-Taniyə məxsus 2011-ci il
istehsalı “Fiat 500 Abarth Tributo Ferrari” avtomobilinin
satılmasına icazə verib. Şeyxin vəkilləri qərardan apellyasiya
şikayəti vermək niyyətindədir”, – deyə məlumatda bildirilib.
Qeyd edilib ki, Şeyx hakim ailənin üzvü olsa da, dövlət vəzifəsi
tutmur. Nasir bin Abdullah əl-Tani əvvəllər “Malaqa” futbol
klubunun vitse-prezidenti olub (atası klubun əsas səhmdarıdır).

