
Bakı. Trend:
Xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi
qulluqçular üçün leytenant hərbi rütbəsində olma müddəti yeni
qaydada tənzimlənəcək.
Bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya
ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunan “Hərbi
vəzifə və hərbi xidmət haqqında“ Qanunda dəyişiklik edilməsi barədə
qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, leytenant hərbi rütbəsində olma müddəti
təhsil müddəti 5 il olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı
təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün – 2 il
(aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edən hərbi
qulluqçular üçün – 1 il), müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi digər hallarda – 1
il müəyyən ediləcək.
Hazırda qüvvədə olan qanuna görə, təhsil müddəti 5 il və daha
çox olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil
müəssisələrini bitirmiş hərbi qulluqçular üçün leytenant hərbi
rütbəsində olma müddəti 1 il müəyyən edilir.

