Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 4 il ərzində 3,5 milyard manat azalacaq

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə
transfertlərin növbəti illərdə mərhələli şəkildə azaldılması
nəzərdə tutulur.

Bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2027-ci il dövlət və
icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində
bildirilib.

Sənəddə yer alan “2027-ci il və növbəti üç il üzrə dövlət
büdcəsinin parametrləri”nə əsasən, 2027-ci ildə Dövlət Neft
Fondundan dövlət büdcəsinə 11 milyard 900 milyon manat transfert
proqnozlaşdırılır. Bu göstərici 2026-cı il üçün təsdiq olunmuş 12
milyard 835 milyon manat transfertlə müqayisədə 935 milyon manat
azdır.
Proqnoza əsasən, ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcminin
sonrakı illərdə də azalması gözlənilir. Belə ki, 2028-ci ildə
transfertin 11 milyard 50 milyon manat, 2029-cu ildə 10 milyard 200
milyon manat, 2030-cu ildə isə 9 milyard 350 milyon manat təşkil
edəcəyi nəzərdə tutulur.

Beləliklə, 2026-cı il üçün təsdiq edilmiş göstərici ilə
müqayisədə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin
həcmi 2030-cu ilədək 3 milyard 485 milyon manat, yaxud təxminən
27,2 faiz azalacaq.




Eyni zamanda, sənəddə dövlət büdcəsinin ümumi gəlirlərinin
növbəti illərdə artacağı proqnozlaşdırılır. Dövlət büdcəsinin
gəlirlərinin 2027-ci ildə 39 milyard 234 milyon manat, 2028-ci ildə
39 milyard 478 milyon manat, 2029-cu ildə 39 milyard 936,9 milyon
manat, 2030-cu ildə isə 40 milyard 577 milyon manat olacağı
gözlənilir.

Proqnozlara əsasən, dövlət büdcəsinin gəlirlərində neft-qaz
gəlirlərinin və Dövlət Neft Fondundan transfertlərin azalması
fonunda qeyri-neft-qaz gəlirlərinin həcminin artması nəzərdə
tutulur. Qeyri-neft-qaz gəlirlərinin 2027-ci ildə 23 milyard 754
milyon manat, 2028-ci ildə 25 milyard 288 milyon manat, 2029-cu
ildə 26 milyard 726,9 milyon manat, 2030-cu ildə isə 28 milyard 337
milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.

Bununla yanaşı, dövlət büdcəsinin xərclərinin 2027-ci ildə 42
milyard 400 milyon manat, 2028-ci ildə 42 milyard 820 milyon manat,
2029-cu ildə 43 milyard 491 milyon manat, 2030-cu ildə isə 44
milyard 236,5 milyon manat olacağı gözlənilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir