
Bakı.Trend:
Tailandın paytaxtı Banqkokda güclü yağış və daşqınlar
səbəbindən fəlakət rejimi elan edilib.
AFP-nin xəbərinə görə, sentyabrın 24-dən etibarən
şəhərdə, demək olar ki, 300 mm yağıntı düşüb.
Ən mürəkkəb vəziyyət Banqkokun şərq hissəsində
yaranıb. Uzunmüddətli yağışlar yolları su altında qoyub, kanallarda
suyun səviyyəsi yüksələrək yaxınlıqdakı ev və restoranlara
dolub.
“24 sentyabrdan etibarən 48 saat ərzində Banqkoka,
demək olar ki, 300 mm yağıntı düşüb. Əsas kanallar şəhərin
onlardakı suyu çəkib çıxara bildiyindən daha sürətlə dolub”, – deyə
Banqkok qubernatoru Çadçart Sittipunt bildirib.
Onun sözlərinə görə, yağışlar davam edir, kanallar
isə dolub-daşır. Kanalların yaxınlığında yerləşən evlərdə yaşayan
sakinlər risk altındadır.
Qubernator yeni yağıntıların olacağı barədə
xəbərdarlıq edib və sakinləri avtomobillərini hündür ərazilərə
aparmağa çağırıb.

