Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir – Siyavuş Novruzov

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda bələdiyyələr qeydiyyatda olmayan təxminən 300-500
min evdən əmlak vergisi toplaya bilmir.

Trend-in
iclasda iştirak edən müxbirinin xəbərinə görə, bunu Milli Məclisin
Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin
bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Siyavuş Novruzov bildirib ki, qanunvericilik təşəbbüsü ilə bağlı
məsələlər yalnız Regional məsələlər komitəsinin deyil, digər
komitələrin də diqqətində olmalıdır.

O qeyd edib ki, ilk növbədə bələdiyyələrin topladığı vergilər və
onların vəsaitlərinin artırılması əhalinin problemlərinin həlli ilə
əlaqəlidir. Deputatın sözlərinə görə, əsas məsələlərdən biri
qanunsuz evlərin qeydiyyatıdır. Öz evləri qeydiyyatda olmayan
şəxslər ildə bir dəfə bələdiyyəyə əmlak vergisi ödəməlidirlər,
lakin bu vergi ödənilmir.

“300 min-500 min evdən bu gün bələdiyyələr vergi yığa bilmir”, –
deyə o bildirib.

Siyavuş Novruzov hesab edir ki, bununla bağlı Vergi Məcəlləsində
və digər məcəllələrdə müvafiq müddəalar nəzərdə tutulmalı və bu
istiqamətdə addımlar atılmalıdır.

Deputat ikinci məsələ kimi fiziki və hüquqi şəxslər üçün
bələdiyyə vergilərinin eyni müəyyən edilməsini diqqətə çatdırıb. O
bildirib ki, digər sahələrdə – su, qaz və elektrik enerjisində
fiziki şəxslərdən və hüquqi şəxslərdən alınan ödənişlər arasında
fərq var və fiziki şəxslərdən üç dəfə daha çox ödəniş alınır.
Bələdiyyələrdə isə fiziki və hüquqi şəxslər üçün eyni vergi nəzərdə
tutulub.

Onun sözlərinə görə, bu yanaşma bələdiyyələrin maddi fondunun
yaxşılaşdırılmasına imkan yaratmır.




Siyavuş Novruzov üçüncü məsələ kimi bələdiyyələrin xəritələrinin
hələ də təqdim edilməməsini qeyd edib.

“27 il keçməsinə baxmayaraq, bələdiyyələrin xəritələri hələ də
verilməyib”, – deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, 27 il ərzində bələdiyyələrin mülkiyyətinin
xəritəsi hələ də tam şəkildə bələdiyyələrə təqdim olunmayıb.

“Bu məsələyə də diqqət yetirilməlidir”, – deyə komitə sədri
əlavə edib.

Deputat, həmçinin bələdiyyələrin gələcək inkişafına və
perspektivinə xidmət edəcək bir sıra məsələlərin olduğunu
vurğulayıb. Onun sözlərinə görə, qanunvericilikdə digər komitələrlə
birgə müvafiq qərarların qəbul edilməsi zəruridir.

Siyavuş Novruzov qeyd edib ki, belə addımlar həm bələdiyyə
ərazilərində yaşayan insanların abadlıq və quruculuq işlərinə
dəstək olacaq, həm də bələdiyyələrin inkişafına yeni təkan
verəcək.

“Bu addımların atılması həm orada yaşayan insanların abadlıq,
quruculuq işlərinə dəstək olar, həmçinin bələdiyyələrin inkişafına
yeni bir təkan verər”, – deyə o bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir