Bakı Limanı Orta Dəhlizdə özəl operatorların iştirakının artırılmasını vacib sayır

Baş səhifə

Bakı. Trend:

Orta Dəhlizin inkişafı çərçivəsində fiziki infrastrukturla
yanaşı Avropa və Çin şirkətlərinin, eləcə də beynəlxalq logistika
operatorlarının marşrut üzrə layihələrə daha fəal cəlb olunması
vacibdir.

Trend-in
tədbirdəki müxbirinin məlumatına görə, bunu “Azərbaycan Dəmir
Yolları” QSC-nin tabeliyindəki “Bakı Beynəlxalq Dəniz Limanı”
MMC-nin direktorunun məsləhətçisi Xudayar Həsənli çərşənbə axşamı
Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və
Bağlantılar Konfransında deyib.

O bildirib ki, qarşıdakı 3-5 il ərzində Orta Dəhliz üzrə
yükdaşımaların həcminin artacağı gözlənilir.

“Geosiyasi şərait fonunda marşrutun daha etibarlı və dayanıqlı
nəqliyyat bağlantısına çevrilməsi üçün infrastrukturun inkişaf
etdirilməsi mühüm əhəmiyyət daşıyır. Biz daha çox
konteynerləşdirilmiş yüklərin daşınmasını təmin etmək üçün
konteyner terminalı tikməyi planlaşdırırıq. Eyni zamanda, gübrə
terminalının yaradılması nəzərdə tutulur. Bundan əlavə, dəmir
yolları, terminallar, anbarlar və digər əsas infrastruktur
obyektlərinin inkişafına ehtiyac var”, – deyə X.Həsənli
bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökumətinin fiziki və əsas
infrastrukturun inkişafına investisiya yatırması ilə yanaşı, Orta
Dəhlizdə iştirak edən digər ölkələrin hökumətləri də bu istiqamətdə
sərmayələri artırmalıdır.




“Ancaq Avropa ölkələrində fəaliyyət göstərən əsas operatorların,
Çin şirkətlərinin və digər beynəlxalq şirkətlərin də bu dəhlizin
inkişafına töhfə verməsini görmək daha yaxşı olardı. Çünki söhbət
yalnız dəhlizin keçdiyi ölkələrdən getmir. Burada Mərkəzi Asiya,
Çin və Avropa ölkələrində yerləşən idxalçı və ixracatçılar da əsas
iştirakçılardır”, – deyə o qeyd edib.

X.Həsənli vurğulayıb ki, özəl sektorun, xüsusilə logistika
şirkətlərinin və operatorların prosesə daha fəal qoşulması bazarın
tələblərinin əvvəlcədən müəyyənləşdirilməsinə və dəhlizin
inkişafının real ehtiyaclara uyğun qurulmasına imkan verə
bilər.

“Real sektor, operatorlar və logistika şirkətləri bazardakı
tələblər barədə daha çox məlumatlıdırlar. Onların iştirakı digər
şirkətlərin, o cümlədən Avropa operatorlarının Orta Dəhlizə
gəlməsinə və öz töhfələrini verməsinə şərait yarada bilər”, – deyə
X.Həsənli bildirib.

O əlavə edib ki, Orta Dəhlizin inkişafının əsas məqsədi yalnız
fiziki infrastruktur yaratmaq deyil.

“Biz təkcə fiziki infrastruktur yaratmaq istəmirik. Eyni zamanda
koordinasiya, planlaşdırma, qrafiklərin uyğunlaşdırılması və
səmərəliliyin təmin olunması üzərində işləyirik. Dəhlizin bütün
iştirakçıları arasında birgə fəaliyyət onun daha etibarlı və
səmərəli marşruta çevrilməsinə imkan verəcək”, – deyə X.Həsənli
vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir