Silahlı münaqişənin tərəfləri itkin düşmüş şəxslərin taleyini araşdırmaq üçün bütün zəruri tədbirləri görməlidir – Fariz Rzayev

Baş səhifə

Bakı.Trend:

Silahlı münaqişənin tərəfləri itkin düşmüş şəxslərin taleyini
araşdırmaq, əllərindəki məlumatları qeydə almaq və bölüşmək, həlak
olanları axtarmaq və onların qalıqlarına ehtiramla yanaşmaq üçün
bütün zəruri tədbirləri görməlidir.

Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Azərbaycan
Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayev çərşənbə
günü İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində “İtkin
düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və
effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda keçirilən IV
beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, itkin düşmüş şəxsin ailəsi üçün o, heç vaxt
sadəcə bir statistika və ya qeydiyyat nömrəsi deyil.

“Bu qeyri-müəyyənlik, istər həyat yoldaşı, istər övladı, istərsə
də valideyni olsun, onların gələcək qərarlarını formalaşdırır.
Ziyarət edib matəm saxlayacaqları bir məzarın olub-olmayacağı məlum
deyil. 4 000-dən çox Azərbaycan vətəndaşı itkindir və onların
taleyi məlum deyil. Minlərlə ailə qeyri-müəyyənlik içində, illər,
hətta onilliklər boyu bu əzabı çəkir.

Azərbaycan ərazilərinin azad edilməsindən sonra biz insan
qalıqlarının olduğu çoxlu sayda kütləvi məzarlıq sahəsini aşkar
etdik. Qalıqlar müayinə olunub, şəxsiyyətlər müəyyən edilib, onlara
ləyaqətli dəfn mərasimi təşkil olunub. Lakin böyük əksəriyyətin
taleyi hələ də məlum deyil”,- deyə o bildirib.

F.Rzayev əlavə edib ki, minalar və partlamamış hərbi sursatlar
ərazidəki axtarış işlərini təhlükəli yaratmağa davam edir.

“Minlərlə itkin düşmüş azərbaycanlının və digər şəxslərin
taleyini və yerini aydınlaşdıra biləcək, əllərində olan bütün
məlumatları bölüşmələri üçün bütün tərəflərə bir daha çağırış
edirəm.




Azərbaycan öz humanitar öhdəliklərinə sadiqliyini yalnız öz
vətəndaşlarının işi ilə məhdudlaşdırmayıb. 2020-ci ilin noyabrından
bəri, təhlükəsizlik çətinliklərinə və mina risklərinə baxmayaraq,
axtarış işlərini davam etdirib.

Bu, bizim məsuliyyətli humanitar yanaşmamıza və kimin qalığı
olmasından asılı olmayaraq insan ləyaqətinə verdiyimiz dəyərə
sadiqliyimizi sübut edir”,- deyə o vurğulayıb.

Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı
ilə İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində Gülüstan
sarayında “İtkin düşmüş şəxslər probleminin həllində etimadın
gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi”
mövzusunda IV Beynəlxalq Konfrans keçirilir.

Tədbirdə sabiq dövlət və hökumət başçıları, beynəlxalq
təşkilatların və xarici ölkələrin yüksək vəzifəli nümayəndələri,
itkin düşmüş şəxslərlə iş üzrə qurumların rəhbərləri, ekspertlər,
qeyri-hökumət təşkilatlarının təmsilçiləri və insan hüquqları
sahəsində mütəxəssislər, həmçinin Azərbaycanda akkreditə olunmuş
xarici ölkələrin səfirləri, hərbi attaşeləri və digər şəxslər
iştirak edirlər.

Builki müzakirələrin əsas istiqamətlərindən biri tərəflər
arasında etimadın formalaşdırılması və möhkəmləndirilməsidir.

Konfransın məqsədi yalnız müzakirələrlə kifayətlənməmək, etimadı
və əməkdaşlığı gücləndirən, ailələrin həqiqəti bilmək hüququnun
təmin olunmasına xidmət edən, məlumat mübadiləsini asanlaşdıran,
həmçinin müasir məhkəmə-tibbi, DNT və texnoloji imkanların
tətbiqini genişləndirən praktiki və dayanıqlı mexanizmlərin
formalaşdırılmasına töhfə verməkdir. Tədbir oktyabrın 10-dək davam
edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir